×
A
A
A
Sazlamalar

Qərb bölgəsinin 200 məktəblisi iki istiqamət üzrə tur-aksiyaya başlayıb

Gəncə, 23 mart, Rauf Hacıyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində keçirilən tur-aksiyaya Mingəçevir məktəbliləri də qoşulublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən yolasalma mərasimində Mingəçevir Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, təhsil şöbəsinin işçiləri, müəllimlər və valideynlər iştirak ediblər.
Bildirilib ki, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Mingəçevir şəhərinin ümumtəhsil məktəblərindən nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən 40 nəfər 9-11-ci sinif şagirdi və onları müşayiət edən 5 bələdçi-müəllim dörd gün ərzində tur-aksiyanın səfər proqramına uyğun olaraq Lənkəran, Masallı, Astara şəhərlərinə səyahət edəcək, bu şəhərlərin tarix və mədəniyyət abidələri, görməli yerləri, sosial-iqtisadi inkişaf sahəsində nailiyyətləri ilə yaxından tanış olacaq və müxtəlif tədbirlərdə iştirak edəcək.
Tur-aksiya iştirakçılarının yola salınması mərasimində çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin əməkdaşı Tariyel Şükürov ölkəmizdə gənclərə göstərilən dövlət qayğısı barədə məlumat verib.
Məktəblilər ölkəmizi daha yaxından tanımaları üçün yaradılan bu şəraitə görə ölkəmizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Sonda ulu öndər Heydər Əliyevin abidəsi qarşısına gül-çiçək dəstələri düzən 40 nəfər şagirddən ibarət qrup xüsusi avtobusla Lənkəran rayonuna yola düşüb.

X X X

Naftalan Şəhər İcra Hakimiyyətində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyada iştirak edən məktəblilərin Lənkəran-Masallı-Astara istiqaməti üzrə yolasalma mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edən Naftalan Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Arzu Məmmədov şagirdlərə turun məqsədi barədə məlumat verib, ölkə başçısı tərəfindən gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb.
Bildirilib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən "Ölkəmizi tanıyaq" layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.
Tur-aksiya iştirakçılarına məlumat verilib ki, onlar Lənkəranda “Qoşa qala” qapıları, Həzi Aslanovun ev-muzeyi, Dairəvi qala, Mayak binası, Hirkan Milli Parkı, Xanbulan gölü, çay plantasiyaları, sitrus meyvə bağları, Astarada şəhər bulvarı, “Yanar bulaq” və “Astaraçay” çay fabriki, Masallıda Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq İncəsənət Məktəbi, Dövlət Rəmzləri Muzeyi, “ASAN həyat” kompleksi, Viləşçay su anbarı ilə tanış olacaqlar.
Sonda ulu öndər Heydər Əliyevin abidəsi qarşısına gül dəstələri düzən şagirdlər xüsusi avtobusla Lənkəran şəhərinə yola düşüblər.

X X X

Respublikamızın ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin iştirakı ilə reallaşdırılan “Ölkəmizi tanıyaq” tur-aksiyasına qazaxlı məktəblilər də qoşulublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiyasında iştirak edən 40 məktəbli və təhkim olunmuş şəxslər rayondakı Heydər Əliyev parkına toplaşmışdılar.
Məktəblilərin yolasalma mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul şəxsləri, rayon təhsil şöbəsinin əməkdaşları, məktəb direktorları, müəllimlər və valideynlər iştirak ediblər.
Əvvəlcə rayon rəhbərliyi, məktəblilər və müəllimlər ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, Ümummilli Liderin əziz xatirəsini anıblar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, rayon təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək, məktəblilərə xoş istirahət arzulayıblar.
Bildirilib ki, rayonun müxtəlif məktəblərindən olan 40 şagird martın 23-dən 26-dək Qəbələ-Şəki-Zaqatala rayonlarının gəzməli, görməli, tarixi yerlərinə səfər edəcək, bölgə ilə yaxından tanış olacaq, rayonların sosial, iqtisadi və mədəni həyatı barədə məlumatlar alacaqlar. Tur-aksiya çərçivəsində şagirdlər intellektual oyunlarda da iştirak edəcəklər.
Məktəblilər və valideynlər maarifləndirici tur-aksiyanın təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda tur-aksiya iştirakçıları yola düşüblər.

X X X

Ağstafa məktəbliləri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində reallaşdırılan tur-aksiyaya qoşulublar. Rayondakı Heydər Əliyev Mərkəzində keçirilən yolasalma mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, təhsil şöbəsinin işçiləri, müəllimlər və valideynlər iştirak ediblər.
Bildirilib ki, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Ağstafa rayonunun ümumtəhsil məktəblərindən öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən 40 nəfər 10-11-ci sinif şagirdi və onları müşayiət edən 5 bələdçi-müəllim dörd gün ərzində tur-aksiyanın səfər proqramına uyğun olaraq Lənkəran, Masallı və Astaraya səyahət edəcək, bu bölgənin tarix və mədəniyyət abidələri, görməli yerləri, sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətləri ilə yaxından tanış olacaq, müxtəlif tədbirlərdə iştirak edəcəklər. Diqqətə çatdırılıb ki, “Ölkəmizi tanıyaq” layihəsi gənclərin dünya görüşünün formalaşdırılmasında mühüm rol oynayır.
Tur-aksiya iştirakçılarını yolasalma mərasimində çıxış edən Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Eyyubova ölkəmizdə gənclərə göstərilən dövlət qayğısı, bu sahədə rayonda görülmüş işlər barədə məlumat verib.
Məktəblilər ölkəmizi daha yaxından tanımaları üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
Sonda ulu öndər Heydər Əliyevin abidəsi qarşısına gül-çiçək dəstələri düzən şagirdlər avtobusla Lənkərana yola düşüblər.

X X X

Tovuz şəhəri Heydər Əliyev Mərkəzinin qarşısında rayon icra hakimiyyətinin məsul işçilərinin, təhsil şöbəsinin əməkdaşlarının, müəllimlərin və valideynlərin iştirakı ilə təhsildə fərqlənən bir qrup məktəblinin “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yolasalma mərasimi keçirilib.
Məktəblilər Heydər Əliyev Meydanında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzinə gedərək dahi şəxsiyyətin həyat və fəaliyyəti ilə yaxından tanış olublar.
Yolasalma mərasimində çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından danışıb.
Bildirilib ki, Tovuz rayonunun ümumtəhsil məktəblərindən öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən 40 nəfər 9-11-ci sinif şagirdi və onları müşayiət edən 5 bələdçi dörd gün ərzində Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə səyahət edəcək, həmin rayonların tarix və mədəniyyət abidələri, görməli yerləri, sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətlərlə yaxından tanış olacaq, müxtəlif tədbirlərdə iştirak edəcəklər.
Sonra rayonun mədəniyyət mərkəzinin rəqs qrupu iştirakçılar qarşısında rəqs nömrələri ilə çıxış ediblər.
Sonda tur-aksiya iştirakçıları Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə yola salınıblar.

X X X

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyaya Daşkəsən rayonunun məktəbliləri də qoşulublar. Rayondan 20 məktəblinin iştirak etdiyi bu tur-aksiyada şagirdlər Qəbələ-Şəki-Zaqatala marşrutunun iştirakçıları olacaqlar.
Rayonun Heydər Əliyev Mərkəzində təşkil olunmuş yolasalma mərasimində Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov, təhsil şöbəsinin işçiləri, idarə və müəssisə rəhbərləri, müəllimlər, valideynlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Namiq Süleymanov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar gözəl ənənəyə çevrilib. Artıq bir neçə ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri üçün Vətənimizin müxtəlif bölgələrinə belə tur-aksiyalar təşkil olunur. Həmin turlara Daşkəsən rayonunun ümumtəhsil məktəblərinin şagirdləri də böyük həvəslə qoşulurlar. Onlar ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə tanış olur, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətlərini, respublikamızın dinamik sosial-iqtisadi inkişafını, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən simasını əyani şəkildə görürlər.
Bildirilib ki, tur-aksiyanın proqramı təkcə bölgələrin sosial-iqtisadi, tarixi-mədəni həyatı ilə tanışlıqla bitməyəcək. Şagirdlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, o cümlədən 1994-cü il mayın 12-dən qüvvədə olan atəşkəsə məhəl qoymayan mənfur Ermənistan silahlı qüvvələrinin mövqelərimizə, dinc əhaliyə, yaşayış yerlərinə daim atəş açması barədə də ətraflı məlumat veriləcək. Həmçinin müasir Azərbaycan Ordusunun qüdrəti və son illərdəki hərbi uğurları barədə məlumatlar məktəblilərin vətənpərvərlik ruhunu daha da yüksəldəcək.
Ekskursiya zamanı məktəblilər Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra qlobal layihələr barədə də məlumatlandırılacaqlar.
Məlumat verilib ki, məktəblilər ekskursiya çərçivəsində Qəbələ-Şəki-Zaqatala bölgəsinin tarixi, adət-ənənələri, ləzzətli mətbəxi, təbiətinin gözəlliyi ilə daha yaxından tanış olmaq imkanı qazanacaqlar. Rayonların keçmiş və müasir simasını əks etdirən tarix-diyarşünaslıq muzeyləri, qədim tarixi abidələr, gənclər mərkəzləri, Olimpiya kompleksləri, Bayraq meydanları, rəsm qalereyaları və digər obyektlərlə tanışlıq şagirdlərin yaddaşında silinməz izlər buraxacaq.
Çıxış edən valideynlər ölkəmizi daha yaxından tanımaq üçün övladlarına yaradılan şəraitə və şagirdlərin dünyagörüşünün yüksəldilməsinə, onların azərbaycançılıq ruhunda böyüməsi üçün mühüm əhəmiyyət kəsb edən tur-aksiyaların təşkilinə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.
Sonda ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzən məktəblilər Qəbələyə yola düşüblər.

Regionlar 2019-03-23 14:54:00