×
A
A
A
Sazlamalar

“Ölkəmizi tanıyaq” tur-aksiyası məktəblilərə ölkəmizi sevdirir

Şamaxı, 23 mart, AZƏRTAC 

Şamaxının ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət 40 nəfərlik qrup “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində martın 23-də Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa marşrutu üzrə yola çıxıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolasalma mərasimi rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə Heydər Əliyev Mərkəzinin qarşısında keçirilib.
Əvvəlcə tur-aksiya iştirakçıları şəhərin mərkəzindəki parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzərək Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər.
Yolasalma mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova Prezident İlham Əliyevin tövsiyəsi ilə keçirilən tur-aksiyaların yeniyetmələrin vətənpərvərlik tərbiyəsində, onların ölkəmizi, onun tarixini, mədəniyyətini, sosial-iqtisadi həyatını daha dərindən öyrənmələrində xüsusi əhəmiyyətindən danışıb, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Valideyn Dilguşə Məmmədova və digər çıxış edənlər yeniyetmələrin vətənpərvərlik tərbiyəsində xüsusi əhəmiyyət kəsb edən və artıq ənənəyə çevrilən bu cür tur-aksiyaların şagirdlərin dünyagörüşlərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıblar.
Sonda məktəblilər musiqi sədaları altında rəqs edib, onlar üçün ayrılan avtobusa əyləşərək yola düşüblər.

X X X

İsmayıllı rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup martın 23-də səhər “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Gəncəyə yola salınıb. Dörd gün davam edəcək səfər zamanı şagirdlər Gəncə, Şəmkir, Göygöl, Tovuz, Qazax və Ağstafada olacaq, bu yerlərin tarixi, maddi-mədəniyyət abidələri, sosial-iqtisadi həyatı, müstəqillik illərində əldə olunan nailiyyətləri ilə tanış olacaq, şən və mənalı istirahət edəcəklər.
Yolasalma mərasimi rayon rəhbərliyinin, məktəb direktorlarının, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Mərkəzinin qarşısında keçirilib. Tur-aksiya iştirakçıları əvvəlcə parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.
Sonra şagirdlər Heydər Əliyev Mərkəzinə gəliblər. Burada Ulu Öndərin həyat və fəaliyyəti barədə onlara ətraflı məlumat verilib.
Yolasalma mərasimində rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova çıxış edərək məktəblilərə uğurlu yol, şən və mənalı istirahət arzulayıb. S.Əhmədova, eləcə də digər çıxış edənlər şagirdlərə getdikləri şəhər və rayonlar barədə daha zəngin bilgilər almağı tövsiyə ediblər.
Valideynlər bu maarifləndirici aksiyanın təşkilinə görə minnətdarlıqlarını bildiriblər.
Sonra rayon musiqiçilərinin ifasında konsert olub. Şagirdlər həvəslə milli rəqslərimizi ifa edib, şən musiqi sədaları altında avtobusa əyləşərək yola çıxıblar.

X X X

Məktəblilərin vətənpərvərlik tərbiyəsində, onların Azərbaycanımızın tarixini, maddi-mədəniyyətini, sosial-iqtisadi həyatını daha dərindən öyrənmələrində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin tövsiyəsi ilə reallaşan bu tur-aksiya hamı tərəfindən minnətdarlıqla qarşılanır.
Bu fikirlər martın 23-də Göyçayda “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində yuxarı sinif şagirdlərindən ibarət 40 nəfərlik qrupun Qəbələ-Şəki-Zaqatala istiqamətinə yolasalma mərasimində səsləndirilib.
Tur-aksiya iştirakçıları şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.
Sonra Heydər Əliyev Mərkəzinə gələn şagirdlərə müasir Azərbaycanın qurucusu və memarının zəngin həyatını və ictimai-siyasi fəaliyyətini əks etdirən fotostendlər və sənədlər əsasında ətraflı məlumat verilib.
Yolasalma mərasimində rayon icra hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev çıxış edərək tur-aksiya iştirakçılarına uğurlu yol arzulayıb, onlara getdikləri Qəbələ, Şəki və Zaqatala rayonlarının tarixi, maddi-mədəniyyəti, dinamik sosial-iqtisadi inkişafı ilə ətraflı tanış olmağı, şən və mənalı istirahət arzulayıb.
Sonda məktəblilər milli musiqi sədaları altında yola salınıblar.

Regionlar 2019-03-23 11:40:00