×
A
A
A
Sazlamalar

Masallı və Cəlilabad məktəbliləri Şimal bölgəsinə yola düşüblər

Masallı-Cəlilabad, 23 mart, Bağır Əliyev, AZƏRTAC

Dövlətimizin başçısının tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə ölkəmizin orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyalar gözəl ənənə halını alıb.
Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
Martın 23-də tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Masallı və Cəlilabad rayonlarının məktəbliləri və onların müəllimləri ölkəmizin Şimal bölgəsinə yola düşüblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər tezdən tur-aksiyanın Quba-Qusar-Xaçmaz marşrutunun iştirakçılarını yola salmaq üçün Masallı Rayon İcra Hakimiyyətinin, təhsil şöbəsinin məsul işçiləri və valideynlər Heydər Əliyev Parkına toplaşıblar.
Məktəblilər və onların müəllimləri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Yolasalma mərasimdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, valideynlər və şəhər sakinləri məktəblilərə yaxı yol arzulayaraq ölkəmizi daha yaxından tanımaq üçün yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.
Quba-Qusar-Xaçmaz bölgəsində son illər aqrar sahənin, emal müəssisələrinin, xüsusən də turizm sənayesinin inkişafı istiqamətində çox böyük işlər görülüb. Bu bölgə həm də tarixi məkanları ilə tanınır. Aksiya iştirakçıları dörd gün müddətində bütün bunlar barədə məlumat alacaq, eyni zamanda, Quba Soyqırımı Memorial Kompleksində erməni vəhşiliyinin əyani şahidi olacaqlar.
Azərbaycanın bu dilbər guşəsi multikultural ənənələri ilə də seçilir. Bölgədə müxtəlif xalqların nümayəndələri əsrlərdən bəri dinc şəraitdə yaşayır, həm öz mədəniyyətlərini, həm də Azərbaycan xalqının mədəniyyətini zənginləşdirirlər.
Yəhudilərin sıx məskunlaşdığı Qırmızı qəsəbəyə, Quba xalçaçılıq emalatxanasına, Cümə məscidinə, Tağlı körpüyə, Xınalıq yolundakı şəlaləyə, qolf meydançasına ekskursiyalar məktəblilərin yaddaşında silinməz izlər qoyacaq. Qubada fəaliyyətə başlayan “ASAN Həyat” kompleksi barədə məlumatlar da tur-aksiya iştirakçılarında marağına səbəb olacaq.
Azərbaycanın şimal bölgəsi iqtisadiyyatı ilə bərabər, turizmin inkişafı üçün də cəlbedici məkandır. Son illərdə bu bölgədə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılıb. Qusar rayonunda “Şahdağ” Turizm Mərkəzinə gələn turistlərin sayı ilbəil artır. Bu mərkəzi Azərbaycanın turizm brendi hesab etmək olar. Şahdağ təbiətin bütün fəsillərində öz gözəlliyi ilə fərqlənir. Məktəblilər bu mərkəzə səfərlə yanaşı, Qusar şəhərinin görməli yerlərini gəzəcək, Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsi ilə tanış olacaqlar.
Bu istiqamətdə tur-aksiyanın növbəti məkanı Xaçmaz rayonu olacaq. Xaçmaz şəhərindəki “Şəxsiyyətlər muzeyi"nə, Çənlibel parkına, Xalça muzeyinə ekskursiyalar, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər məktəblilərdə böyük maraq doğuracaq.
Məktəblilərin asudə vaxtlarında “Nə? Harada? Nə vaxt?” intellektual oyunları təşkil olunacaq, qaliblərə xatirə hədiyyələri veriləcək, onlar üçün teatr tamaşaları və konsert proqramları təşkil ediləcək.
Sonra Quba-Qusar-Xaçmaz marşrutu üzrə aksiya iştirakçılarını Qubaya aparan avtobus yola düşüb.

x x x

Martın 23-də “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Cəlilabad rayonunun məktəbliləri də Quba-Qusar-Xaçmaz marşrutu üzrə ölkəmizin Şimal bölgəsinə səyahətə başlayıblar.
Cəlilabad şəhərindəki Heydər Əliyev Seyrəngahında keçirilən yolasalma mərasimində rayon rəhbərliyi, təhsil işçiləri, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov ölkəmizdə gənc nəslin təlim-tərbiyəsində görülən işlərdən, eləcə də dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü və qayğısı ilə həyata keçirilən tur-aksiyanın əhəmiyyətindən danışıb.
Mərasimdə çıxış edənlər məktəblilərə uğurlu yol, mənalı istirahət arzulayaraq doğma Azərbaycanımızı daha yaxından tanımaq üçün təşkil olunmuş tur-aksiyalara görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış xüsusi avtobuslarla Qubaya yola düşüblər.

 

Regionlar 2019-03-23 11:25:00