×
A
A
A
Sazlamalar

Qarabağa şölə saçan Novruz tonqalları

Tərtər, 21 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Yurdumuza bahar qədəm qoyur. Xalqımız qədim köklərimizə, illərin sərt sınaqlarına sinə gərmiş ənənələrimizə söykənərək yeni başlanğıcı, firavanlıq, işıqlı gələcək vəd verən bu gözəl el bayramını - Novruzu coşqu ilə qeyd edir. Bayram ab-havası ölkəmizin hər guşəsini - şəhərləri, qəsəbələri, ən ucqar kəndləri əhatə edir. Hər kəs baharın gəlişini böyük sevinclə bayram edir - elə Tərtər rayonunun cəbhə xəttində yerləşən kəndlərində də.
AZƏRTAC-ın müxbiri düşmənin bir neçə yüz metrliyində yerləşən Qapanlı kəndinin qəhrəman sakinlərinin bayram coşqusunu təqdim edir. O Qapanlı kəndi ki, düşmən atəşinə tuş gəlməyən ev qalmayıb. Lakin yenidən qurulub, hər zaman düşmənin qarşısında məğrur dayanıb. O Qapanlı ki, 30 ilə yaxındır düşmənlə göz-gözə dayanaraq, ölüm saçan güllələrə sinə gərir, dünyaya göz açan uşaqları atəş səsinə qarışmış laylalarla böyüyür. Ancaq heç bir təhlükə, heç bir təxribat, sözün əsl mənasında, qəhrəmanlıq və dəyanət nümunəsi olan Qapanlı sakinlərini öz doğma yurdlarını tərk etməyə məcbur edə bilməyib. O Qapanlı ki, həm çətin, ağır, həm də xoş günlərində daim qonaqlı-qaralı olub. Dövlət başçısından tutmuş digər qurumların nümayəndələrinədək hər zaman kəndə səfərlər edilib, diqqət və qayğı göstərilib.
Qapanlılılar hər il olduğu kimi yenə də baharı böyük ruh yüksəkliyi ilə qarşılayıblar. Buna səbəb əhalinin doğma yurda sevgisi, adət-ənənələrə bağlılığı, Azərbaycan Ordusuna və Ali Baş Komandana olan güvəni və qələbəyə böyük inamıdır. Kənd sakinlərinin, rayon ictimaiyyətinin və N saylı hərbi hissənin əsgər və zabitlərinin iştirak etdiyi Novruz şənliyi bayram tonqalının ətrafında keçirilib. Çatılan tonqalın ərşə ucalan şəfəqi, şən musiqi sədaları, at çapan, tonqaldan atlanan cavanların həyəcanlı səsləri, ətrafı bürüyən alqış sədası sanki bir neçə yüz metrlikdə dayanan düşmənə meydan oxuyaraq deyir: "Baxın, biz birlikdəyik, varıq və olacağıq. Gün gələcək bu Novruz tonqalları Qarabağımızın hazırda işğal altında olan hissəsində də alovlanacaqdır".
Kənd sakinləri qonaqlarla və Vətənimizin müdafiəsində dayanan əsgərlərlə birgə tonqalın ətrafında rəqs edib, uşaqlar yumurta döyüşdürüblər. Rayon icra hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri kənd ağsaqqalı Eldar Məmmədovun evində qonaq olaraq, bayram süfrəsi arxasında söhbət edib, qayğıları ilə maraqlanıb, bayram sovqatı veriblər. Rayon ictimaiyyəti sonra ön xəttə - düşmənlə üz-üzə xidmət edən əsgərlərimizə də baş çəkib, təbriklərini və xoş arzularını bildirərək bayram sovqatı çatdırıblar.
Qeyd edək ki, 48 kilometr məsafədə təmas xəttində yerləşən Tərtər rayonunun bütün cəbhəboyu kəndlərində Qapanlıda olduğu kimi Novruz tonqalları qalanıb, bayram şənlikləri keçirilib. Düşmənin düz gözünün önündə - cəbhəyanı kəndlərdə, işğaldan azad edilmiş Şıxarx qəsəbəsində, həmçinin Böyük Qayıdışın başlanğıcı olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Novruzun təntənəli şəkildə qeyd edilməsi, bayram tonqallarının çatılması düşmənlərimizə bir mesajdır. Bu o deməkdir ki, biz işğal altında olan bütün ərazilərimizi azad edəcəyik. 27 ildən artıqdır ki, xalqımızın qədim bayramı olan Novruza həsrət qalan Vətən torpaqlarında yenə çal-çağırlı günlər başlayacaq.

Regionlar 2019-03-21 12:22:00