×
A
A
A
Sazlamalar

Qaxlılar baharın gəlişinin sevincini yaşayıblar

Qax, 19 mart, Mustafa Dadaşov, AZƏRTAC
Xalqımızın ən qədim adət-ənənələrindən olan milli birlik və həmrəylik bayramı Novruz Qax rayonunda da böyük ruh yüksəkliyi ilə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, baharın gəlişi münasibətilə martın 19-da Qax şəhərində ümumrayon bayram şənliyi keçirilib.
Qax Olimpiya İdman Kompleksinin qarşısındakı meydanda keçirilən bayram tədbirində Novruz tonqalı alovlandırılıb. Sonra rayon rəhbərliyi və qonaqlar xalqımızın qədim adət-ənənələrini özündə əks etdirən sərgilərə, guşələrə baxıb, el sənətkarlarının əl işləri və milli mətbəx nümunələri ilə tanış olublar.
Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev tədbir iştirakçılarını baharın gəlişi münasibətilə təbrik edib, milli-mənəvi dəyərlərimizin, qədim adət-ənənələrimizin qorunub saxlanılmasının vacibliyini vurğulayıb. Xalqımızın qədim el bayramlarından olan Novruzun dövlət səviyyəsində qeyd olunmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini önə çəkən rayon icra hakimiyyətinin başçısı Prezident İlham Əliyevin, həmçinin Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına verdikləri böyük önəm və qayğını yüksək dəyərləndirib.
Sonra bayram şənliyi rayonun bədii özfəaliyyət, rəqs və folklor kollektivlərinin hazırladıqları maraqlı konsert proqramı ilə davam edib. Novruzun atributları olan Keçəl və Kosa tədbir boyu duzlu- məzəli zarafatları ilə bayram iştirakçılarını doyunca əyləndirib, gənc idmançılar öz məharətlərini nümayiş etdiriblər.

Regionlar 2019-03-19 17:36:00