Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 12-ci ildönümü münasibətilə mərasim keçirilib

Bakı, 19 mart, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 12-ci ildönümü, 19 mart - Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü münasibətilə təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub.
Xidmətin əməkdaşları, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın unudulmaz xatirəsini yad edib, məzarları üzərinə tər qərənfillər düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.
Sonra Dövlət Miqrasiya Xidmətində qurumun yaradılmasının ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Azərbaycan Prezidenti İlham Əliyevin Xidmət rəisi V.Hüseynova III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında və bir qrup miqrasiya orqanları əməkdaşının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi barədə 2019-cu il 16 mart tarixdə imzaladığı sərəncamlar elan edilib.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov miqrasiya orqanları əməkdaşlarına göstərdiyi diqqət və qayğıya görə Xidmətin kollektivi adından Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib.
Xidmət rəisi DMX-nin yaradılmasının 12-ci ildönümü və peşə bayramı günü münasibətilə əməkdaşları təbrik edib, onlara Xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının inkişaf dinamikası, iqtisadi və sosial proqramların icrası, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması uğurla davam etdirildiyini vurğulayan Xidmət rəisi ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmləndiyini, milli təhlükəsizlik və sabitliyin təmin olunduğunu qeyd edib.
Vüsal Hüseynov bildirib ki, ötən illər Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində mühüm yeniliklərlə yadda qalıb. Qabaqcıl dünya təcrübəsinə əsaslanaraq, milli miqrasiya qanunvericiliyi təkmilləşdirilib, DMX-nin fəaliyyətinin genişləndirilməsi sahəsində ciddi addımlar atılıb. Xidmətin fəaliyyətinin bütün istiqamətlərində şəffaflıq yaradılıb, müraciət edənlərin məmnunluğunun təmin olunması istiqamətində bir sıra tədbirlər həyata keçirilib.
Xidmət rəisi qazanılan nailiyyətlərdə miqrasiya orqanları əməkdaşlarının fəaliyyətini xüsusilə qeyd edib. Bildirib ki, miqrasiya orqanlarının hər bir əməkdaşı milli mənafelərimizin keşiyində ayıq-sayıq dayanır, ölkəyə təşrif buyuran hər bir əcnəbinin müraciəti diqqətlə araşdıraraq qanunamüvafiq qərarların qəbul olunmasında vicdanla çalışırlar.
Daha sonra Xidmətin bir qrup əməkdaşı Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi tərəfindən mükafatlandırılıb. Dövlət Miqrasiya Xidmətinin rəisi tərəfindən 34 əməkdaşa xüsusi rütbə, 44 əməkdaşa fəxri fərman verilib, 2 əməkdaşın qulluqda yüksəlişi barədə əmr oxunub və 47 əməkdaşa təşəkkür elan olunub.

Sosial 2019-03-19 17:10:00