Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin yeni hərbi hissəsi xidməti istifadəyə verilib VİDEO

Bakı, 19 mart, AZƏRTAC 

Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsindəki təmas xəttində xidməti-döyüş fəaliyyətinin təşkili Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Sərhəd Xidmətinə (DSX) həvalə olunduqdan sonra bu ərazilərdə dövlət sərhədlərinin müdafiəsi və mühafizəsi infrastrukturunun yaradılması tədbirləri surətlə davam etdirir. Sərhədçilər üçün ən müasir tələblərə cavab verən sərhəd döyüş məntəqələri, digər hərbi obyektlər qısa müddət ərzində tikilərək istifadəyə verilir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin yeni hərbi hissəsi xidməti istifadəyə verilib.
Tədbirdən əvvəl Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub, qızıl gül dəstələri düzüb, Azərbaycan Sərhəd Mühafizəsinin banisi olan Ulu Öndərə dərin hörmət və ehtiramlarını ifadə edib.
Hərbi hissənin açılışı münasibətilə təşkil olunmuş təntənəli mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan sərhədçisinin dövlətçiliyimizin və sərhədlərimizin keşiyində ayıq-sayıq dayandıqlarını, DSX-nin bütün şəxsi heyəti üçün Ali Baş Komandanın tapşırıqlarını icra etməyin böyük şərəf və yüksək məsuliyyət olduğunu bildirib. E.Quliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqəti sayəsində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində şəxsi heyət üçün yüksək xidməti və məişət şəraitinin yaradıldığını qeyd edib.
Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsinin dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsinin başlanğıcı olması xüsusi vurğulanıb, Azərbaycan sərhədçisinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmr və tapşırıqlarını böyük şərəflə icra etməyə hər zaman hazır olduğu bildirilib.
Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sərhədçiləri təbrik edərək onlara şərəfli xidmətlərində uğurlar arzulayıb.
Xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltif edilib.
Sonra hərbi hissəyə baxış keçirilib. Hərbi hissədə xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılıb. Yeni hərbi hissədə qərargah və idarəetmə bölmələri üçün binalar kompleksi, müddətli hərbi qulluqçuların kazarma binaları, hərbi qulluqçular və ailə üzvləri üçün xidməti mənzillər, tibb məntəqəsi, texniki təyinatlı binalar, döyüş texnikası parkı inşa olunub, 150 metr dərinlikdə artezian quyusu qazılıb.
Həmçinin yerli əhaliyə kömək məqsədilə Dövlət Sərhəd Xidməti tərəfindən yeni kənd tibb məntəqəsinin inşası davam etdirilir.
Təntənəli mərasimin bədii hissəsində Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin, rəqs ansamblının, vokal-instrumental qrupunun, tanınmış müğənnilərin ifaları, şəxsi heyət qarşısında çıxışları hərbi qulluqçular tərəfindən böyük rəğbətlə qarşılanıb.
Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və qonaqlar şəxsi heyətlə birlikdə nahar ediblər.
Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti düşmənlə təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrində xidməti-döyüş fəaliyyətinin vəziyyəti ilə tanış olub, sərhədçi əsgərləri Novruz bayramı münasibətilə təbrik ediblər.

Sosial 2019-03-19 14:28:00

Video