×
A
A
A
Sazlamalar

Goranboyda şəhid polis əməkdaşlarının ailələri ilə görüş

Goranboy, 19 mart, Rauf Hacıyev, AZƏRTAC

Goranboyda şəhid polis əməkdaşlarının ailələri ilə görüş keçirilib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirin məqsədi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhid polis əməkdaşlarının xatirəsini yad etmək, həmçinin onların ailələrinə Novruz bayramı ərəfəsində yardım göstərmək olub.
Görüşdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Goranboy Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ramin Qədirov çıxış edərək deyib: “Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra unudulur. Lakin elə zaman, elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə bu tarixi gün daha çox xatırlanır, insanların yolunu işıqlı bir zirvəyə doğru aparır. Bu, ən ali, müqəddəs və şərəfli bir yolun sonu olan şəhidlik zirvəsidir. Çünki şəhidlər Vətənin millətin yolunda şüurlu surətdə canlarını fəda edən insanlardır. Bu cür insanlar yüksək əxlaqi keyfiyyətə malik olmaqla, qəlblərində Vətənə, millətə sevgi olduğu üçün şəhadət mərtəbəsinə ucalırlar”.
Qeyd edilib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Goranboy Rayon Polis Şöbəsinin 16 əməkdaşı qəhrəmancasına şəhid olub. Onlardan biri - Ənvər Fərəcov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Tədbirdə çıxış edənlər dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıblar.
Bildirilib ki, 2019-cu il yanvarın 28-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşməsi bu kateqoriyadan olan insanlara diqqət və qayğının bariz nümunəsidir.
Sonra şəhid ailələrinin üzvləri - şəhid qardaşları Mahir Aslanov, Murad Həsənov və başqaları çıxış edərək, onlara daim qayğı ilə yanaşan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda şəhid ailələrinin üzvlərinə yardım göstərilib.

Regionlar 2019-03-19 12:38:00