×
A
A
A
Sazlamalar

Novruz xeyirxahlıq, birlik və həmrəylik bayramıdır

Cəlilabad, 19 mart, Bağır Əliyev, AZƏRTAC

Cəlilabadda xalqımızın müqəddəs bayramı, özündə milli-mənəvi dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri birləşdirən Novruz bayramı yüksək əhval-ruhiyyə ilə qeyd olunub.
Ümumrayon tədbirində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, icra nümayəndəliklərinin, bələdiyyələrin rəhbərləri və kollektivləri, ictimaiyyətin təmsilçiləri və rayon sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Novruz bayramına həsr olunmuş sərgilərdə nümayiş etdirilən çoxəsrlik maddi-mədəni irsimizi, qədim adət-ənənələrimizi özündə əks etdirən eksponatlarla tanış olublar.
Sonra bayram tonqalı yandırılıb. Əllərində Baharın simvolu olan yaşıl səmənilər, şamlar, xonçalar tutmuş milli geyimli oğlan və qızlar rəngarəng rəqsləri ilə bayrama toplaşanlara xoş ovqat bəxş ediblər.
Bayram şənliyi Dədə Qorqudun və Bahar qızının meydana daxil olması ilə daha da canlanıb.
Novruzun personajları olan Kosa və Keçəl milli oyunları nümayiş etdirdilər. Mərasimdə idmançılar və pəhləvanlar öz güclərini sınayıblar.
Novruz şənliyi rayonun incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.

Regionlar 2019-03-19 12:14:00