×
A
A
A
Sazlamalar

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşlarına medallar təqdim olunub

Bakı, 19 mart, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif olunmuş Dövlət Agentliyinin əməkdaşlarına medalların təqdimolunma mərasimi keçirilib.
Agentlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə agentliyin sədri Ülvi Mehdiyev çıxış edərək Prezident İlham Əliyevin Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinə daim xüsusi diqqət və qayğı göstərdiyini, “ASAN xidmət” işçilərinin peşə bayramı gününü təsis etdiyini vurğulayıb.
Sonra “Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medalı ilə təltif olunmuş əməkdaşlara ali dövlət mükafatları təqdim olunub, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Qeyd edək ki, Prezident İlham Əliyev ötən il dekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Müvafiq Sərəncama əsasən, “ASAN xidmət” işçilərinin peşə bayramı günü münasibətilə və dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə agentliyin 10 əməkdaşı “Dövlət qulluğunda fərqlənməyə görə”, 17 əməkdaşı isə “Tərəqqi” medalı ilə təltif olunub.

Sosial 2019-03-19 11:16:00