×
A
A
A
Sazlamalar

Naxçıvan Dövlət Universitetində bayram konserti

Naxçıvan, 18 mart, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində (NDU) Novruz bayramı tədbirlərinin yekunu olaraq ümumuniversitet Novruz şənliyi olub.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bayram tonqalı yandırıldıqdan sonra İncəsənət fakültəsində Novruz bayramı münasibətilə təşkil olunan sərgiyə baxış keçirilib.
Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov bayram münasibətilə müəllim-tələbə heyətini təbrik edib, xalqımızın milli dəyərlərə önəm verməsi baxımından Novruzun keçirilməsinin əhəmiyyətini qeyd edib. Bildirilib ki, xalqımızın günümüzə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi Novruz bayramı özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidi əks etdirir.
Ali təhsil ocağının Jurnalistika və kitabxanaçılıq kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Sədaqət Nemət “Naxçıvanda Novruz adət-ənənələri” adlı çıxışında qədim xalq arasında yayılmış bayram adət-ənənələrindən bəhs edib, Novruzun təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu vurğulayıb.
Sonra tədbir NDU-nun İncəsənət fakültəsi tələbələrinin hazırladığı bayram konserti ilə davam edib.

Regionlar 2019-03-18 18:03:00