×
A
A
A
Sazlamalar

Sumqayıt Poeziya Evində şair Sabir Sarvan yad edilib

Sumqayıt, 18 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Poeziya Evində Azərbaycan Yazıçılar Birliyi (AYB) Sumqayıt bölməsinin təşəbbüsü və təşkilatçılığı ilə şair Sabir Sarvanın xatirəsinə həsr olunmuş “Xatırlasaz, xatırlansam” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin iştirakçıları əvvəlcə S.Vurğun adına Şəhər Mərkəzi Kitabxanasının Sabir Sarvanın həyat və yaradıcılığını özündə əks etdirən kitab sərgisi ilə tanış olublar.
Xatirə tədbirini şair Əvəz Mahmud Lələdağ açıb. Sonra Milli Məclisin deputatı Aydın Hüseynov, filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli, Təhsil Nazirliyinin məsul işçisi Vidadi Bağırov, Əməkdar artist Ağalar Bayramov, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini Sərxan Mehdiyev, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, jurnalist Əli Çərkəzoğlu, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, yazıçı-ssenarist Hafiz İmamnəzərli və başqaları çıxış edərək, AYB-nin Sumqayıt bölməsinin yaradıcısı və uzun illər ona rəhbərlik etmiş Sabir Sarvan şəxsiyyətinin və yaradıcılığının məziyyətlərindən söz açıblar. Bildirilib ki, Sabir Sarvan bu gün aramızda olmasa da, sözü və işıqlı xatirələri ilə daim yaddaşlarda yaşayacaq.
Sabir Sarvan adına Uşaq Poeziya Teatrı üzvlərinin ifasında səslənən şeirlər, Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvlərinin ifasında təqdim olunan mahnılar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Sonda şairin qardaşı Mahmud Məlikov ailə üzvləri adından tədbirin iştirakçılarına və təşkilatçılarına minnətdarlığını bildirib.

Regionlar 2019-03-18 14:15:00