×
A
A
A
Sazlamalar

Muxtar respublikanın mədəniyyət müəssisələri bayram günlərində də fəaliyyət göstərəcək

Naxçıvan, 18 mart, AZƏRTAC

Novruz bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət müəssisələri və kollektivləri tərəfindən rəngarəng, silsilə tədbirlər hazırlanıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bayram günləri – 20-24 mart tarixlərində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı, Estrada Orkestri və Kamera Orkestri, Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblı və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblı hər gün “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində konsert proqramı ilə çıxış edəcəklər.
Bayram günlərində muxtar respublikadakı bütün muzey və muzeytipli müəssisələr xidmət göstərəcək. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı martın 22-də, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı martın 20-23-də, Naxçıvan Dövlət Uşaq Teatrı martın 20-25-də tamaşalar göstərəcəklər.
Martın 19-25-də muxtar respublikanın 19 kəndində rayon mədəniyyət şöbələrinin, kənd mədəniyyət evləri və klubların, uşaq musiqi məktəblərinin kollektivləri konsert proqramları ilə çıxış edəcəklər. Eyni zamanda, martın 25-də Naxçıvan Dövlət Film Fondunda məktəblilər üçün film nümayişi təşkil olunacaq.

Regionlar 2019-03-18 11:55:00