×
A
A
A
Sazlamalar

Valideyn və müəllimlər yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə diqqət yetirməlidir

Bakı, 16 mart, AZƏRTAC 

Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə şəhər 8 nömrəli beynəlmiləl orta məktəbdə “Narkomaniyaya yox deyək”, “Erkən nikahın fəsadları”, “Dini radikalizmlə mübarizə” və “Yol hərəkətinin təhlükəsizliyi” mövzularında gənclərlə görüş keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə hüquq-mühafizə orqanlarının, təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Şəhər- Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Muradov narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və onların səbəb olduğu fəsadlardan bəhs edib. Qeyd edilib ki, yeniyetmə və gənclərin zərərli vərdişlərə meyil göstərməsinin qarşısını almaq üçün valideyn və müəllimlər onların asudə vaxtlarının səmərəli təşkilinə diqqət yetirməli, uşaqların elmə, idmana və faydalı təlimlərə yönləndirilməsi istiqamətində davamlı iş aparmalıdırlar.
Tədbirdə ölkəmizdə narkomaniyaya qarşı hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizədən danışılıb, erkən nikaha daxil olma məsələsinə də toxunulub.
Rayon prokuroru, baş ədliyyə müşaviri Elmar Camalov belə neqativ hallara qarşı sərt mübarizənin aparılmasının təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyini vurğulayıb.
Sonra dini radikalizm və onun fəsadları, xurafat və cəhalət carçılarına qarşı mübarizə metodları, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilməkdə olan tədbirlərdən söz açılıb. Həmçinin bölgələrdə cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması istiqamətində reallaşdırılan dini maarifləndirmə tədbirləri barədə məlumat verilib.
Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı Tural Niftalıyev isə məktəblilərə yol hərəkəti qaydaları barədə ətraflı məlumat verib və onları bu qaydalara əməl etməyə çağırıb. O, belə tədbirlərin keçirilməsində əsas məqsədin şagirdlərin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək, onları özlərinin və başqalarının təhlükəsizliyi məqsədilə daha məsuliyyətli olmağa çağırmaqdan ibarət olduğunu qeyd edib.
Rayon təhsil şöbəsinin müdiri Südabər İsmayılova çıxış edərək belə maarifləndirmə tədbirlərinin sağlam gələcəyimizin formalaşmasında mühüm rolunun olduğunu bildirib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 

Sosial 2019-03-16 05:08:00