×
A
A
A
Sazlamalar

Naxçıvan məktəbliləri İçərişəhərlə tanış olublar

Bakı, 15 mart, AZƏRTAC 

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Bakıya gələn Naxçıvan məktəbliləri martın 15-də İçərişəhərlə tanış olublar.
AZƏRTAC xəbər verir ki, naxçıvanlı məktəblilərdən, müəllim və bələdçidən ibarət qrup əvvəlcə Qız qalası ilə tanış olub. Şagirdlərə Qız qalası abidəsinin qeyri-adi memarlıq xüsusiyyətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Məktəblilərə Qız qalasında konservasiya işlərindən sonra yaradılan muzey ekspozisiyası barədə də məlumat verilib.
Naxçıvan məktəblilərinə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlıq və bərpa işləri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarix-memarlıq abidələri qorunub saxlanılır. İçərişəhərlə tanışlıq orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şirvanşahlar Saray Kompleksini ziyarətlə davam etdirilib. Dərsliklər vasitəsilə tanış olduqları bu sarayı görmək məktəblilərdə Azərbaycan tarixinə marağı daha da artırıb.
Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək tarix-memarlıq üstünlüyünü saxlamaqdadır.
İçərişəhərlə tanışlıq şagirdlərdə zəngin təəssürat yaradıb.
On birinci sinif şagirdi Məhəmməd Quliyev bildirib ki, Bakıya ilk dəfə gəlməsə də şəhəri belə yaxından tanımaq imkanı olmayıb: "Bu gün biz Qız qalası, Şirvanşahlar Saray Kompleksi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olduq. Tur bələdçimiz bizə bu tarixi abidələr haqqında məlumatlar verdi. İlk gündən çox xoş təəssüratlarım var. Növbəti günlərdə də bir çox müasir və tarixi məkanları ziyarət edəcəyik. Tur-aksiya bizə ölkəmizi daha yaxşı tanımağa, kitablarda haqqında oxuduğumuz tarixi abidələri yaxından görməyə imkan yaradıb. Buna görə də ölkə başçısına öz minnətdarlığımı bildirirəm".

Sosial 2019-03-15 22:05:00