×
A
A
A
Sazlamalar

Azərbaycan və Vyetnam arasında əməkdaşlığın bütün sahələr üzrə təşviqinə dair fikir mübadiləsi aparılıb

Bakı, 13 mart, AZƏRTAC

Hanoy şəhərində Azərbaycan Respublikası və Vyetnam Sosialist Respublikasının Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan nümayəndə heyətinə nazir müavini Ramiz Həsənov, Vyetnam nümayəndə heyətinə isə xarici işlər nazirinin birinci müavini Bui Thanh Son rəhbərlik ediblər.
Danışıqlar zamanı tərəflər iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini nəzərdən keçirərək əməkdaşlığın bütün sahələr üzrə təşviqinə dair geniş fikir mübadiləsi aparıblar. Müzakirələr əsnasında, həmçinin tərəflər hazırkı siyasi məsləhətləşmələrin məhz Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyinin keçirilməsi ərəfəsində təşkil olunmasının əhəmiyyətini xüsusi vurğuladılar.
Vyetnama səfəri çərçivəsində nazir müavini Ramiz Həsənov, eyni zamanda, bu ölkənin rəsmiləri ilə ikitərəfli görüşlər keçirib.
Xarici işlər nazirinin müavini Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının Vyetnam tərəfindən həmsədri, Sənaye və Ticarət naziri Tran Tuan Anh ilə görüşüb. Görüşdə tərəflər münasibətlərin bütün spektri üzrə əməkdaşlığın mövcud vəziyyətini müzakirə edərək, çoxşaxəli əlaqələrin genişləndirilməsinə dair fikirlərini bölüşüblər. Həmçinin tərəflər Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası çərçivəsində son iki görüşdə əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün atılması zəruri hesab olunan əməli addımlar ətrafında fikir mübadiləsi aparıblar.
Xarici işlər nazirinin müavini Ramiz Həsənovun, həmçinin Vyetnam Sosialist Respublikası Milli Assambleyasının sədr müavini Uong Chu Luu ilə görüşü keçirilib. Görüşdə tərəflər parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi yollarını, habelə Dostluq qrupları arasında mövcud əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Hanoy şəhərində ölkəmizin Vyetnamdakı səfirliyi və Vyetnam Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının birgə təşkilatçılığı ilə “Azərbaycan və Vyetnam diplomatiyası: paralellər, inkişaf, dövlət quruculuğunda rolu” mövzusunda konfrans keçirilib.
Konfransda Vyetnam Kommunist Partiyası, Prezidenti Administrasiyası, Milli Assambleyası (Parlament), Hökuməti, Vyetnam Xarici İşlər Nazirliyi, müxtəlif dövlət və özəl qurumlar, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası, Azərbaycanın Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzi, ali təhsil ocaqları, beyin mərkəzləri, diplomatik korpus və KİV nümayəndələri, Vyetnam Diplomatik Akademiyasının rəhbərliyi və tələbə-müəllim heyəti, habelə Azərbaycan təhsil ocaqlarının vyetnamlı məzunları iştirak ediblər.

Siyasət 2019-03-13 22:43:00