×
A
A
A
Sazlamalar

Sosial təminat sisteminin bütün sahələrində proaktiv xidmətlər tətbiq olunacaq

Bakı, 13 mart, AZƏRTAC

Avtomatlaşdırılmış pensiya təyinatı sisteminin qurulması vətəndaşların sosial təminat hüquqlarının onların əyani müraciətləri olmadan elektron qaydada həyata keçirilməsi və sosial təminat sahəsində proaktiv xidmətlərin təşkili istiqamətində ilk addımdır. Əsas hədəf bu kimi xidmətlərin əhatə dairəsini sosial təminat sisteminin bütün həlqələri üzrə genişləndirməkdir.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Dünya Bankının ölkəmizdə səfərdə olan “Azərbaycanın pensiya sisteminə texniki yardım” missiyası ilə nazirlikdə keçirilən görüşdə bildirib.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir müavini Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq pensiyaların avtomatlaşdırılmış mexanizminin qurulmasının bu sahədə şəffaflığa, vətəndaş rahatlığına və məmnunluğuna imkan yaratdığını vurğulayıb. A.Kərimov növbəti mərhələ kimi yaxın vaxtlarda əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatlarının da elektron qaydada həyata keçiriləcəyini bildirib.
Ölkəmizdə pensiya təminatı sahəsində aparılan islahatlar və gələcək hədəflər, əhalinin rifah halının yaxşılaşdırılması, sosial ödənişlərin ciddi şəkildə artırılması üçün atılan addımlar barədə missiyaya ətraflı məlumat verilib. “Azərbaycanın pensiya sisteminə texniki yardım” missiyası ilə birgə görülən işlərdən, bu işlərin nəticələrindən bəhs olunub. Dünya Bankının nümayəndələri aparılan islahatları, həmçinin pensiya təminatı sahəsində müsbət dəyişiklikləri dəstəklədiklərini qeyd ediblər.
Görüşdə ölkəmizin pensiya sistemində son dəyişikliklər, pensiya sistemi ilə bağlı uzunmüddətli proqnozların yenilənməsi, gələcək birgə fəaliyyət perspektivləri, Beynəlxalq Sosial Təminat Assosiasiyasının bu ilin mayında paytaxtımızda keçiriləcək Avropa Regional Sosial Təminat Forumu və s. məsələlər müzakirə olunub.

Sosial 2019-03-13 17:22:00