×
A
A
A
Sazlamalar

Dünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri tələbələrlə görüşüb

Bakı, 12 mart, AZƏRTAC 

Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə tələbələr üçün növbəti maarifləndirici tədbir keçirilib.
AZƏRTAC ATGTİ-nin saytına istinadla xəbər verir ki, Fransız-Azərbaycan Universitetinin (UFAZ) ev sahibliyi ilə keçirilən “BMT-ni öyrənərək kəşf et” layihəsinin ilk qonağı Dünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı olub. “BMT-nin qadın liderlər” proqramının məzunu olan Hande Harmancı qlobal və milli səviyyələrdə tibb təhsili üzrə 28 illik müəllimlik və tədqiqatçı təcrübəsinə malikdir.
Hande Harmancı tədbirdə QİÇS sindromu timsalında yoluxucu xəstəliklərdən danışıb. O, müasir dövrümüzdə yoluxucu xəstəliklərin sürətlə yayıldığını, xüsusilə hepatit, sifilis xəstəliklərinin də QİÇS ilə oxşar yoluxma hallarına malik olduğunu vurğulayıb. “QİÇS bu xəstəliyin daşıyıcılarında özlərindən asılı olmayaraq müəyyən dərəcədə eqoistlik formalaşdırır. Bu isə xəstəliyin məqsədli şəkildə yayılması meyillərinin artmasına zəmin yaradır, - deyən Hande Harmancı bildirib ki, bu qəbildən olan xəstəliklərin yayılmasının qarşısını almaq üçün belə görüşlər həlledici rol oynayır.
Layihənin tələbələr üçün faydasını vurğulayan ATGTİ-nin sədri Faiq Məmmədov bildirib ki, yeniyetmələr arasında zərərli vərdişlərin, QİÇS-ə yoluxma hallarının qarşısının alınması istiqamətində Azərbaycan hökuməti tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bütün bunlar təhsil sahəsində də mühüm addımların atılmasını tələb edir. Sağlam yaşamağın əsas şərtlərindən biri tibbi biliklərə yiyələnməkdir. İxtisasından, peşəsindən asılı olmayaraq, hamının tibbi biliklərə yiyələnməsi zəruridir.
Sonra interaktiv müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.

Sosial 2019-03-12 13:41:00