×
A
A
A
Sazlamalar

Problemli kreditlərə dair qərar əhalinin sosial rifahının yaxşılaşdırılması üçün atılan addımdır

Bakı, 11 mart, AZƏRTAC 

Problemli kreditlərin təxminən 95 faizi 10 min ABŞ dollarınadək kredit götürənlərin payına düşür. Dollarla bağlı problemli kreditlərin yükünü daşıyan insanların sayı 450 mindən çoxdursa, manatla bu say 400 mini ötüb. Ümumilikdə, 900 minə yaxın insanın bu yük altında olduğunu nəzərə alsaq, təxminən onların 50 faizinin məhkəmələrdə olduğunu düşünə bilərik. Onların bir hissəsi də prosedurları keçib, qərarlar qəbul olunub. Ölkə başçısının fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanının tərkib hissəsi olaraq qeyd olunur ki, problemli kreditlərlə bağlı məhkəmələrdə olan işlərin hamısı geri çağırılacaq, barələrində qərar və qətnamələr çıxmış işlər dayandırılacaq. Bu məsələlər müzakirə olunan zaman Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə daha humanist yanaşma mövqeyindən çıxış etdilər. Ölkə başçısının problemli kreditlərlə bağlı vermiş olduğu Fərman çox riskli bir addımdır. Lakin ölkə başçısı əhalinin sosial rifahının yaxşılaşdırılması, problemlərinin həlli üçün bu riski üzərinə götürdü.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.
“Burada biz təkcə maddi sıxıntıları nəzərə almalı deyilik. 900 minə yaxın insanın özü və ailə üzvləri psixoloji bir durumda olublar. Gərgin həyat tərzi keçiriblər, ümidsizliyə düçar olublar, banklara, onların faiz dərəcələrinə qarşı mənfi münasibət formalaşıb. Ölkə başçısının bu Fərmanı həmin insanlara hərtərəfli müsbət təsir etdi. Ona görə də əhalinin sosial rifahının yaxşılaşdırılması üçün atılan bu addım təqdirəlayiqdir”, - deyə Ç.Qənizadə diqqətə çatdırıb.

Sosial 2019-03-11 18:24:00