×
A
A
A
Sazlamalar

Sosial müdafiə - BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 63-cü sessiyasının əsas mövzusudur

Bakı, 11 mart, AZƏRTAC

Bu gün Nyu-Yorkda, BMT-nin mənzil-qərargahında qurumun Qadınların Vəziyyəti üzrə Komissiyasının 63-cü sessiyası keçirilir.
“Komissiyanın builki sessiyası qadın və qızların gündəlik həyatda rastlaşdıqları problemlərə həsr olunacaq. Bizə gender bərabərliyinin nailiyyətləri üçün yeni qlobal standartlar gərəkdir. Biz qadın və qızların hüquqlarını artırmalı, öz potensiallarını üzə çıxarmaqda onlara yardım etməliyik”, - deyə İrlandiyanın BMT yanında səfiri və sessiyanın Büro sədri Jeraldin Birn Neyson bildirib.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, qadınlar kişilərə nisbətən 2,6 dəfə daha çox ev işlərini yerinə yetirir. Bütün dünyada yalnız qadınların 41 faizi analıq məzuniyyəti haqqı alırlar. Həmçinin, yaşlı qadınların yalnız 57,8 faizi təqaüd aldığı vaxtda, kişilər üçün bu göstərici 68,4 faiz təşkil edir.
“Sessiya iştirakçıları uşaq bağçaları, tibbi xidmət, təhsil, analığın qorunması, təqaüd və təhlükəsiz nəqliyyat kimi əsas məqamlara diqqətlərini cəmləsələr, dünyadakı bütün qadınlar və qızlar üçün gündəlik reallığı dəyişməyi bacararlar”, - deyə Büro sədri bildirib.
BMT-nin məlumatına görə, dünyada 740 milyon qadın qeyri-rəsmi sektorda çalışır, onlar praktik olaraq, heç bir sosial müdafiəyə malik deyillər.
“Sosial müdafiə sahəsində mükəmməl siyasət və düzgün planlaşdırılmış infrastruktur qüvvələr nisbətini dəyişə bilər. 740 milyon işləyən qadının sosial müdafiəsinin olmaması və dövlət xidmətlərinə daxil edilməməsi faktı qadınların sosial dəstəyinin qlobal sisteminin mühüm əskikliklərindən xəbər verir. Qadınlara lazımi müdafiəni təmin etmək üçün investisiyalar və siyasətdə dəyişikliklər vacibdir”, - deyə “BMT-qadınlar” strukturunun icraçı direktoru Fumzile Mlambo-Nqkuka bildirib.
İki həftə davam edəcək sessiyada hökumət, vətəndaş cəmiyyəti, qeyri-kommersiya təşkilatlarından olan 9 minədək nümayəndə təmsil olunacaq. Sessiya çərçivəsində 17 rəsmi görüş, o cümlədən nazirlər səviyyəsində görüşlər, həmçinin ekspertlər və fəalların iştirakı ilə yüzlərlə tədbir keçiriləcək.
Azərbaycanda qadınlar ölkənin sosial-iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak edirlər. Son göstəricilərə görə, ölkə əhalisinin ümumi sayının 50,1 faizini və ya 4 milyon 999,1 min nəfərini qadınlar təşkil edir. Azərbaycanda məşğul əhalinin ümumi sayında qadınların xüsusi çəkisi 48,2 faizdir. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80,1 faizi, orta ixtisas təhsil müəssisələrində 78,9 faizi, ali təhsil müəssisələrində 52 faizi, həkimlərin 62 faizi, elmi işçilərin 58,1 faizi qadınlardır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,6 faiz, sahibkarlar arasında isə 21,5 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 42 faizi qadınlardır.
Qadın parlamentarilərin də sayı artır. Əgər Milli Məclisdə 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 16,8 faizə çatıb. İlk bələdiyyə seçkilərinə nisbətən son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı 6 dəfə artaraq 5236 nəfərə çatmış və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35 faiz olub.
Sürücülük vəsiqəsi alan qadınların sayı ildən-ilə artır. Belə ki, sürücülük vəsiqəsi alan qadınların ümumi çəkisi 2008-ci ildə ümumilikdə 4,6 faiz təşkil edirdisə, bu, 2018-ci ildə artıq 7,4 faiz olub.

Sosial 2019-03-11 12:53:00