×
A
A
A
Sazlamalar

Gənclər yaz tətilini respublika debat düşərgəsində keçirəcəklər

Bakı, 9 mart, AZƏRTAC 

Milli Debat Proqramı çərçivəsində “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC), təşkilatçılığı ilə martın 23-26-da “Respublika debat düşərgəsi: Yaz 2019” layihəsi həyata keçiriləcək.
DVC-dən AZƏRTAC-a bildiriblər ki, düşərgə “Respublika Gənclər Debat Forumu: 2019 Yaz” layihəsi çərçivəsində debatçıların hazırlığı, gənclərin natiqlik bacarıqlarının inkişaf etdirilməsi, ölkəmizi beynəlxalq layihələrdə təmsil edə biləcək gənclərin yetişdirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə reallaşdırılacaq. Masallı rayonundakı İstisu istirahət mərkəzində Novruz konsepsiyası üzrə təşkil ediləcək düşərgəyə Bakıdan və bölgələrdən yüzədək gənc qatılacaq. Düşərgədə iştirak etmək üçün ətraflı məlumatı https://www.camp.debate.az saytından əldə etmək mümkündür.
Milli Debat Proqramı DVC tərəfindən illərlə toplanmış təcrübə əsasında formalaşan debat metodologiyası vasitəsilə gənclərin və yeniyetmələrin fərdi inkişafına və maariflənməsinə yönələn ölkə səviyyəli proqramdır. Proqram hazırda 12 Regional Debat Mərkəzi və ümumilikdə 200 təhsil müəssisəsi ilə respublikanın 45 rayonunu və bütün böyük şəhərlərini əhatə edir. Milli Debat Proqramı gənclərin maarifləndirilməsi və ölkəmizdə strateji sahələrin inkişafına dəstək verilməsi istiqamətində 20 ildir fəaliyyət göstərir.

Sosial 2019-03-09 12:28:00