×
A
A
A
Sazlamalar

Özünüməşğulluq proqramı çərçivəsində uğurlu biznesini qurmuş qadınlarla iş yerlərində görüş keçirilib

Bakı, 7 mart, AZƏRTAC

Özünüməşğulluq proqramı çərçivəsində uğurlu şəkildə öz biznesini qurmuş bir neçə qadınla – Solmaz Şirəliyeva, Arzu Çapkın və Məlahət Əliyeva ilə onlara məxsus istehsal və xidmət sahələrində görüş keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə onları təbrik edərək xoş arzularını bildirib, xanımlara gül və hədiyyələr təqdim edib.
Nazir Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramının iştirakçılarının mühüm bir hissəsinin qadınlar olduğunu söyləyərək bildirib ki, keçən il 7267 nəfər proqram iştirakçısından 1309 nəfərini qadınlar təşkil edib və bu il həmin göstərici daha da artacaq. Proqram çərçivəsində aztəminatlı ailələrin fərdi təsərrüfatlara sahib olmaları onların dövlət yardımından asılılığının aradan qalxmasına, ailə gəlirlərini artırmağa və sahibkarlığa çıxış imkanı qazanmağa şərait yaradıb.
Görüş iştirakçılarına məlumat verilib ki, proqram iştirakçılarının verilmiş aktivlər hesabına uğurlu şəkildə öz kiçik biznes sahələrini yaratmaları, gəlirlərini artırmaq imkanlarına yiyələnmələri proqramla əlaqədar edilən müraciətlərin, o cümlədən qadınlar tərəfindən marağın dəfələrlə artmasına səbəb olub. Təbii ki, buna uyğun olaraq özünüməşğulluq proqramı iştirakçılarının, həmçinin proqrama cəlb olunan qadınların sayı da getdikcə artacaq.
Solmaz Şirəliyeva, Arzu Çapkın və Məlahət Əliyeva öz biznes sahələrini yaratmaq, işsizlikdən sahibkarlığa keçid imkanı qazanmaq üçün onlara göstərilən böyük dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbir çərçivəsində xanımlara məxsus istehsal və xidmət sahələrinə baxış olub.

Sosial 2019-03-07 15:50:00