×
A
A
A
Sazlamalar

İtalyan senator Xocalı soyqırımı ilə bağlı bəyanat səsləndirib VİDEO

Roma, 1 mart, AZƏRTAC
İtaliya parlamentində İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, hakim “5 Ulduz Hərəkatı” partiyasının üzvü, senator Stefano Luçidi Senatın plenar iclasında Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə çıxış edib.
Müasir tarixin qanlı faciələrindən olan Xocalı qətliamının 27-ci ildönümünün qeyd edildiyini diqqətə çatdıran senator deyib: “Dağlıq Qarabağ müharibəsi zamanı çoxlu sayda etnik mülki azərbaycanlı qətlə yetirilib. Ermənistan ordusunun Xocalı şəhərinə hücumu zamanı müxtəlif qiymətləndirmələrə görə 613 mülki şəxs öldürülüb, bir çoxları əsir götürülmüşdür. “Human Rights Watch” təşkilatı Xocalı qətliamını “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən böyük və dəhşətli qırğını” kimi təsvir edib.
İyirmi ildən çoxdur ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonunu hərbi işğal altında saxlayır. Ermənistan Azərbaycan ərazilərinin iyirmi faizini işğal edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışanda 1993-cü ildə qəbul olunmuş BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd sənədini – 822, 853, 874 və 884 saylı qətnamələrini xatırlamaq vacibdir. Bu qətnamələr hələ də yerinə yetirilməyib. Həmçinin Avropa Parlamentinin 2013-cü il 23 oktyabr tarixli qətnaməsini xatırlamaq lazımdır. Bu qətnamədə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tətbiqi yolu ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli dəstəklənir.
Xatırlatmalıyam ki, Sovet İttifaqının dağılması və ittifaqı təşkil edən çoxsaylı etnik qrupların müstəqillik qazanması kontekstində sovet sisteminin çökməsindən sonra həmin etnik qruplar öz aralarında müharibəyə başladılar. Təəssüf ki, biz Balkan yarımadasında olduğu kimi gördük ki, keçmiş sovet respublikalarının müstəqillik hərəkatlarının doğurduğu müharibələr əsl soyqırımlar yaratdılar və başqasına münasibətdə bir etnik qrupun kökünü kəsmək məqsədilə əhaliyə zərbələr endirdilər.
Dağlıq Qarabağ müharibəsi, ümumiyyətlə, az tanınıb, lakin bu gün də davam edir. Keçmiş qanunvericlik dönəmində münaqişənin yenidən alovlanması ilə bağlı narahatlığımızı ifadə etmişik, 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan qoşunları arasında toqquşmalar oldu. Ümid edirəm ki, tərəflər arasında dialoqun təşviq edilməsi üçün yeni təşəbbüslər irəli sürüləcək və beləliklə, uzun müddətdir davam edən münaqişə qəti olaraq həll ediləcək. Bu münaqişə hər an baş verə biləcək davamlı müharibə vəziyyəti yaratmaqla cəlb olunan ölkələrin cəmiyyətlərinə ağır təsir edir və göründüyü kimi bundan vətəndaşlar, demokratik qaydalar və gündəlik həyatın normallığı əziyyət çəkir.
Arzu edirəm ki, soyuq müharibənin fəsadlarını nəhayət ki, aradan qaldırmaq üçün regionun bu iztirablarına son qoyaraq və müharibə qurbanlarına ədaləti təmin edərək, dialoqu təşviq etmək və tezliklə BMT-nin qətnamələrinə müvafiq olaraq sülhə nail olmaq üçün İtaliya hökuməti təşəbbüs irəli sürəcək”.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Siyasət 2019-03-01 11:48:00

Video