×
A
A
A
Sazlamalar

Azərbaycanın və Türkiyənin güclənməsi gələcək təhlükəsizliyimizin yeganə zəmanətidir

Ardahan, 28 fevral, AZƏRTAC
Azərbaycanın Qarsdakı baş konsulluğunun və Türkiyənin Ardahan Universitetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan “Xocalıya ədalət!” devizi altında anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Ardahan vilayətinin rəsmi şəxsləri, universitetin rəhbərliyi, professor və müəllim heyəti, Gaziantep Universitetindən dəvət olunmuş alimlər, dərnək başçıları, ölkəmizi bu bölgədə təmsil edən ziyalılar, elm və mədəniyyət adamları, KİV nümayəndələri, Ardahan şəhərinin sakinləri iştirak ediblər.
Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra şəhidlərimizin ruhlarına dualar oxunub, xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra Xocalı qətliamının dəhşətlərini əks etdirən film nümayiş olunub.
Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev çıxışında Ermənistanın ölkəmizə qarşı davamlı olaraq həyata keçirdiyi təcavüzkar siyasətin acı nəticələrindən bəhs edib. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandallarının Xocalıda törətdikləri soyqırımı aktı bu əsassız düşmənçilik siyasətinin davamı və acı nəticəsidir. Baş konsul diqqətə çatdırıb ki, bu faciə XX əsrin və Azərbaycan tarixinə qanla yazılan ən ağır cinayətdir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ilin fevralında Azərbaycan Milli Məclisinin Xocalı soyqırımına ilk dəfə hüquqi-siyasi qiymət verdiyini diqqətə çatdıran Nuru Quliyev əminliklə deyib ki, bu bəşəri faciəni törədənlər gec-tez beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməyə məcbur ediləcəklər.
Digər çıxışlarda da Xocalı soyqırımının dəhşətlərindən, bu faciənin törətdiyi mənəvi fəsadlardan bəhs olunub. Xocalı soyqırımını törədənlər şiddətli şəkildə ittiham olunublar. Diqqətə çatdırılıb ki, Azərbaycan və Türkiyə qardaşlıq münasibətlərinin qorunması, eləcə də dövlətlərimizin güclənməsi gələcək təhlükəsizliyimizin yeganə zəmanətidir.
Tədbir tələbələrin bədii proqramı ilə davam edib.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ardahan

Qan yaddaşı 2019-02-28 14:30:00