×
A
A
A
Sazlamalar

Yekaterinburqda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

Moskva, 27 fevral, AZƏRTAC
Azərbaycanın Rusiyanın Yekaterinburq şəhərindəki baş konsulluğunun və Sverdlovsk vilayətindəki “Azərbaycan” ictimai təşkilatının birgə təşkilatçılığı ilə bu şəhərdə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Baş konsulluqdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə baş konsul İlqar İskəndərov, “Azərbaycan” ictimai təşkilatının sədri Şahin Şixlinski, Ural Federal Universitetində yeni yaradılmış Ekstremizmə Qarşı Mübarizə Mərkəzinin rəhbəri Sergey Tuşin, Ural Federal Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzinin direktoru Aleksandr Nesterov, Yekaterinburq şəhərində fəaliyyət göstərən Dağıstan və Ukrayna cəmiyyətlərinin rəhbərləri, ictimaiyyətin, Azərbaycan diasporunun və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB), yerli KİV-lərin təmsilçiləri iştirak ediblər.
Mərasimin əvvəlində Xocalı soyqırımında, Azərbaycanın müstəqilliyi və suverenliyi naminə həyatlarını qurban vermiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra 27 il bundan əvvəl baş vermiş dəhşətli hadisənin canlı şahidi olan və baş verənləri lentə almış hərbi operator Seyidağa Mövsümovun iştirakı ilə rejissor Vaqif Mustafayevin “Dərdimi çəkirəm” adlı sənədli filmi nümayiş olunub.
Baş konsul İlqar İskəndərov çıxış edərək Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin tarixi kökləri, əsrlərboyu xalqımıza qarşı həyata keçirdikləri vəhşiliklər və Azərbaycanın Xocalı şəhərində 27 il bundan əvvəl ermənilər tərəfindən törədilmiş qırğının ağır nəticələri barədə danışıb. Baş konsul Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə 2008-ci ildən başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər haqda danışıb, erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında kampaniyanın müstəsna rolunun olduğunu diqqətə çatdırıb.
İ.İskəndərov Xocalı faciəsinin dünyanın 10-dan çox ölkəsinin parlamenti, ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanı və eləcədə İslam Əməkdaşlıq Təşkilatı tərəfindən dinc əhaliyə qarşı törədilmiş cinayət aktı və soyqırımı kimi tanınması barədə tədbir iştirakçılarına məlumat verib. Baş konsul bu dəhşətli faciəni törədənlərin və Xocalı soyqırımı iştirakçılarının əməllərinə görə beynəlxalq qanunvericiliyə uyğun olaraq hərbi tribunal qarşısında cavab verəcəklərini vurğulayıb.
Tədbirdə “Azərbaycan” ictimai təşkilatının sədri Şahin Şixlinski, Ural Federal Universitetində nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzinin direktoru Aleksandr Nesterov, “Qızıl qələm” mükafatının laureatı, şairə İradə Eldarlı, Azərbaycan diasporunun nümayəndəsi Mənzər Cəfərova, Yekaterinburqda fəaliyyət göstərən Dağıstan və Ukrayna cəmiyyətlərinin rəhbərləri, RAGB Sverdlovsk bölməsinin fəalları və Azərbaycan diasporunun nümayəndələri ölkəmizin işğal olunmuş şəhər və kəndlərdə erməni separatçıları tərəfindən dinc əhalimizə qarşı törədilən dəhşətlər və Xocalı soyqırımına beynəlxalq ictimaiyyət tərəfindən lazımi qiymətin verilməsini ilə bağlı çıxışlar ediblər.
Tədbirin sonunda Azərbaycan diasporunun dini nümayəndələri tərəfindən şəhidlərimizin ruhuna dualar oxunub.


Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Qan yaddaşı 2019-02-27 20:08:00