×
A
A
A
Sazlamalar

Misirin mətbuatı Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş ümumxalq yürüşündən yazıb

Qahirə,28 fevral, AZƏRTAC

Misirin iki nüfuzlu mətbuat orqanında – “Əl-Məsriyə” qəzetində və “Asiyə əl-Youm” informasiya agentliyində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakı şəhərində keçirilən ümumxalq yürüşü ilə bağlı məqalələr yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Prezidentinin rəhbərliyi ilə Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə yürüş” sərlövhəli məqalədə qeyd olunur ki, Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakının Xətai rayonunda ümumxalq yürüşü keçirilib.
Məqalədə bildirilir ki, əlli beş mindən çox insanın iştirak etdiyi, ön sırasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın olduqları yürüş zamanı “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!” və digər şüarlar nümayiş etdirilib.
Misir nəşri yazır ki, ümumxalq yürüşü Azərbaycan xalqı və ölkə rəhbərliyi arasında birliyin daha bir nümunəsi, insanların öz rəhbərinə dəstəyinin təcəssümü oldu. Yürüşdə iştirak edən insan kütləsi Xocalı soyqırımının heç bir vaxt unudulmayacağına, Azərbaycan Prezidentinin apardığı siyasətin və həyata keçirdiyi tədbirlərin nəticəsində bu qanlı cinayəti törədənlərin cəzasız qalmayacaqlarına inamını ifadə edib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Qan yaddaşı 2019-02-28 11:20:00