×
A
A
A
Sazlamalar

Jitomirdə Xocalı soyqırımının 27-ci ildönümü qeyd edilib

Jitomir, 27 fevral, AZƏRTAC

Jitomir Dövlət Texnoloji Universitetində “Silahlı münaqişələrdə mülki əhalinin müdafiəsi” mövzusunda konfrans keçirilib. Konfransda Azərbaycan Respublikasının Ukraynadakı səfiri Azər Xudiyev, Jitomir şəhər və vilayət sovetlərinin deputatları, yerli hakimiyyət orqanlarının nümayəndələri, universitetin fəal müəllimləri və tələbələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi, Jitomir Dövlət Texnoloji Universiteti və Ukrayna Azərbaycanlılarının Həmrəyliyi Konqresi tərəfindən keçirilib.
Hərbi əməliyyatlar şəraitində dinc əhalinin təhlükəsizliyi probleminin müzakirəsinə həsr edilmiş konfransın əvvəlində tədbirin moderatoru, Jitomir Dövlət Texnoloji Universitetinin rektoru Viktor Yevdokimov giriş sözü söyləyib.
Azərbaycan Respublikasının Ukraynadakı səfiri Azər Xudiyev konfrans iştirakçılarını salamlayıb. Səfir öz çıxışında qeyd edib ki, Dağlıq Qarabağda, Ukraynada və Srebrenitsada baş vermiş hadisələr zamanı dinc əhali zərər çəkib, minlərlə insan köçkün vəziyyətinə düşüb. Azər Xudiyev bildirib ki, 27 il bundan əvvəl Azərbaycanın Xocalı şəhərində faciə baş verib. Qeyd edilib ki, Xocalı hadisələri təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayətdir. Bu gün dünyanın 10-dan çox ölkəsi, ABŞ-ın 22 ştatı Xocalı hadisələrini soyqırımı kimi tanıyıblar.
“Biz Xocalı soyqırımının səbəblərini və nəticələrini daha geniş miqyasda dünya ictimaiyyətinə çatdırmaq işini davam etdiririk. Xocalıya ədalət Azərbaycanın dövlət siyasətidir”, - deyən diplomat 90-cı illərin əvvəlində Azərbaycanda təzahür etmiş separatizm probleminə də toxunub və qeyd edib ki, indi Ukrayna belə bir problemlə üzləşib.
Konfrans iştirakçıları arasında Ukrayna Azərbaycanlılarının Həmrəyliyi Konqresinin sədri İlqar Məmmədov, Jitomir Vilayət Dövlət Administrasiyasının aparat rəhbəri Aleksey Şatılo, Jitomir Vilayət Sovetinin deputatları İqor Romanski və İlya Smıçok, Jitomir Vilayət Soveti sədrinin müavini Maksim Vilivçuk, Jitomir Vilayəti Regional İnkişaf Agentliyinin rəhbəri Artyom Saçuk, Boqunski Rayon Sovetinin sədri, Jitomir Şəhər Soveti İcraiyyə Komitəsinin üzvü Aleksandr Bloşinski, Jitomir Şəhər Sovetinin deputatı Vasili Şevçenko, Vişnyovoye Şəhər Sovetinin deputatı Artyom Qlinski də vardı.
Maraqlı diskussiya şəraitində keçən konfransda tələbələr mühazirəçilərə müxtəlif suallar veriblər. Konfrans iştirakçıları beynəlxalq humanitar hüquq normalarının səmərəsinin artırılması, silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinin beynəlxalq hüquqi mexaznimlərinin yaxşılaşdırılması məsələlərini müzakirə ediblər.
Konfrans başa çatandan sonra Azərbaycan Respublikasının Ukraynadakı səfiri Azər Xudiyev Jitomir Dövlət Texnoloji Universitetində Jitomir şəhərinin meri Sergey Suxomlinlə görüşüb. Görüşdə investisiya və əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.
Azər Xudiyev Jitomirə işgüzar səfəri zamanı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Ukrayna Azərbaycanlılarının Həmrəyliyi Konqresi Mədəniyyət Mərkəzinə də baş çəkib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Jitomir 

Qan yaddaşı 2019-02-27 12:02:00