×
A
A
A
Sazlamalar

Meksikada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Vaşinqton, 27 fevral, AZƏRTAC
Azərbaycanın Meksikadakı səfirliyində Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə diplomatik korpus nümayəndələri, o cümlədən Türkiyə, Qətər, Gürcüstan, Qazaxıstan, Pakistan, Malayziya, Ukrayna, Fil Dişi Sahili, Əlcəzair, Nigeriya, Banqladeş, Türkiyə, Qazaxıstan, Qvatemala səfirləri, bir sıra ölkənin yüksək vəzifəli diplomat və hərbi attaşeləri, yerli KİV nümayəndələri, Mexiko şəhəri rus pravoslav kilsəsinin başçısı, həmçinin Meksikada yaşayan həmvətənlərimiz iştirak ediblər.
Əvvəlcə Xocalı soyqırımında və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edən səfirliyin müvəqqəti işlər vəkili Məmməd Talıbov dünyanı öz dəhşəti ilə sarsıtmış Xocalı soyqırımından 27 il keçdiyini qeyd edərək həmin günün azərbaycanlıların xatirələrində ən ağrılı tarixdən biri olduğunu deyib. Müstəqilliyinin ilk günlərindən Azərbaycan xalqının təcavüzlə üzləşdiyini bildirərək Xocalı soyqırımının Ermənistan təcavüzünün ən qanlı və amansız səhifəsi olduğunu deyib. Sadəcə azərbaycanlı olduqlarına görə onlarla uşağın həyat və gələcəyinin vaxtsız qırıldığı, yüzlərlə günahsız insanın həyatlarına qəddarcasına son qoyulduğu, onlara misli görünməmiş əzab və işgəncə verildiyi bildirilib.
Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımının dünya ictimaiyyəti tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi adlandırıldığı qeyd edilib. O, Xocalı hadisələrinin erməni təcavüzkarları tərəfindən dinc Azərbaycan əhalisinə qarşı işğal olunmuş şəhər və kəndlərdə törədilən dəhşətlərin və etnik təmizləmələrin nümunəsinə çevrildiyini bildirib. Qeyd olunub ki, xalqımıza qarşı bu vəhşiliklərin bütün beynəlxalq hüquq və mənəvi normalara zidd olaraq qəsdən və soyuqqanlılıqla törədildiyini Ermənistanın keçmiş prezidenti və Xocalı soyqırımının əsas memarlarından olan Serj Sarkisyanın Britaniya jurnalisti Tomas de Vala verdiyi müsahibədə etirafı bir daha sübut edir.
M.Talıbov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının bu faciə barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üzrə böyük nailiyyətlər əldə etdiyini deyib. Xocalı soyqırımının Meksika da daxil olmaqla artıq bir çox ölkə tərəfindən tanındığını bildirib. İnsanlığa qarşı bu cinayəti törədənlərin tezliklə beynəlxalq hərbi tribunal qarşısında cavab verməli olduqlarını vurğulayıb.
Bakıda Azərbaycan Respublikasının rəhbərliyi başda olmaqla, ümumxalq yürüşün keçdiyini, onun məqsədinin Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla anmaq, xalqımıza qarşı törədilən bu vəhşi cinayətə dünya ictimaiyyətinin diqqətini cəlb etmək olduğu bildirilib. Meksikada yaşayan azərbaycanlıların da həmvətənləri ilə həmrəy olaraq bu məqsədlə Mexiko şəhərinin Tlakskoake meydanında yerləşən “Xocalı soyqırımı” abidəsi qarşısında yığışdıqları vurğulanıb.
Tədbir iştirakçılarına Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış Xocalı faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib. Xocalı soyqırımı ilə bağlı çap və video materiallar paylanılıb.
Sonda şəhidlərimizin xatirəsinə ehsan süfrəsi açılıb.
Qeyd edək ki, həmin gün Mexiko şəhərinin Tlakskoake/Xocalı (Tlaxcoaque/Jodyali) meydanında yerləşən “Xocalı soyqırımı” monumenti qarşısına səfirlik tərəfindən əklil qoyulub, bu dəhşətli faciənin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həmçinin onların xatirəsinə Tlakskoake kilsəsinin zəngi çalınıb.

Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Qan yaddaşı 2019-02-27 11:27:00