×
A
A
A
Sazlamalar

Xocalı faciəsi xalqımıza qarşı aparılan etnik təmizləmə siyasətinin qanlı səhifəsidir

Balakən, 26 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Tariximizin ən qanlı səhifələrindən olan Xocalı faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar Balakən rayonunda anım tədbirləri bir neçə gündür davam edir.
AZƏRTAC-ın bölgə müxbirləri xəbər verir ki, fevralın 26-da rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanına gələrək, Qarabağ müharibəsində şəhid olan igid həmyerlilərinin xatirəsinə ucaldılan abidənin önünə gül-çiçək düzüblər.
Sonra tədbir iştirakçıları rayon Mədəniyyət Mərkəzinin foyesində Xocalı faciəsindən bəhs edən rəsm sərgisi ilə tanış olub, mədəniyyət işçilərinin hazırladıqları ədəbi-bədii kompozisiyaya baxıblar.
Faciənin ildönümü ilə bağlı rayon icra hakimiyyətində Balakəndə məskunlaşan Xocalı sakinləri ilə görüş olub. Tədbirdə rayon icra hakimiyyətinin başçısı İslam Rzayev ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, xalqımızın tarixinə qanla yazılan Xocalı faciəsinin acı nəticələri, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin çatdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Vurğulanıb ki, Xocalı faciəsi xalqımıza qarşı aparılan etnik təmizləmə siyasətinin qanlı səhifəsidir.
Tədbirdə çıxış edən xocalılılar doğma şəhərlərinin mənfur düşməndən azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını vurğulayıb, məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Regionlar 2019-02-26 16:24:00