×
A
A
A
Sazlamalar

Zahid Qarayev: Xocalı faciəsi Azərbaycan xalqının başına gətirilən müsibətdir

Bakı, 26 fevral, AZƏRTAC

Xocalıda ermənilər rəhm bilmədən uşaqları, qocaları, hamilə qadınları qətlə yetiriblər. Bu, Azərbaycan xalqının başına gətirilən müsibətdir. Hamımız çalışmalıyıq ki, xalqımızın başına gətirilən bu faciə ilə bağlı dünya ictimaiyyətini məlumatlandıraq. Bunun üçün hər kəs əlindən gələni etməlidir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Xətai rayonundakı “Ana harayı” abidəsini ziyarət edən, Xocalıda törədilmiş soyqırımı aktının canlı şahidi, keçmiş döyüşçü, polkovnik-leytenant Zahid Qarayev deyib.
O zaman çox gərgin vəziyyət idi. 1992-ci il fevralın 18-19-dan başlayaraq Xocalı mühasirə alınmağa başlamışdı. O vaxt orada Dürdanə xanım vardı, o, bizimlə tez-tez əlaqə saxlayırdı. Çox təəssüflər olsun ki, o vaxtkı rəhbərliyin böyük səhvləri ucbatından Xocalı şəhərinin əhalisi tamamən köməksiz qalmışdı. Dövlət tərəfindən heç bir kömək göstərilmirdi. O zaman mən Milli Qəhrəman Allahverdi Bağırovun batalyonunda müavin idim. Fevralın 25-dən 26-na keçən gecə düşmənin hücumunun qarşısını almağa çalışdıq. Həmin vaxtı düşmənin mühasirəsindən 15 meyit, 30 yaralı, 280 nəfər çıxardıq. Səhəri gün bir də getdik. Adam gördüklərindən dəhşətə gəlirdi. Yüzlərlə insan meyiti səpələnmişdi.
Zahid Qarayev Prezident İlham Əliyev tərəfindən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl işlər aparıldığını qeyd edib. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da “Xocalıya ədalət!” kampaniyası çərçivəsində gördüyü işləri xüsusi vurğulayıb. O deyib: “İşğal altında olan torpaqlarımız əminəm ki, dövlətimizin başçısının yürütdüyü uğurlu siyasət nəticəsində azad ediləcək. Biz həmin günü və öz doğma torpaqlarımıza geri dönməyi səbirsizliklə gözləyirik”.

Qan yaddaşı 2019-02-26 14:54:00