×
A
A
A
Sazlamalar

“ASAN Viza” üçün “Radiant Launch” mükafatının təqdimolunma mərasimi keçirilib

Bakı, 22 fevral, AZƏRTAC

Fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində “ASAN Viza” üçün “Radiant Launch” mükafatının təqdimolunma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev iştirak edib.
Ü.Mehdiyev çıxış edərək “ASAN Viza” sisteminin yaradılması, məqsədləri, fəaliyyət istiqamətləri barədə qonaqlara məlumat verib. Bildirib ki, sistemin yaradılmasının əsas məqsədi dünyanın 95 ölkəsindən Azərbaycana gələn vətəndaşların operativ və şəffaf qaydada vizalarla təmin edilməsindən ibarətdir. Ötən müddət ərzində 1 milyondan artıq əcnəbi bu sistem vasitəsilə ölkəyə viza alıb və bir neçə müddət öncə BMqT-nin dəstəyi ilə keçirilən beynəlxalq tədbirdə “ASAN Viza” sistemi “Radiant Launch” mükafatına layiq görülüb və təşkilatın nümayəndəliyi tərəfindən “ASAN xidmət”ə təqdim olunub.
Bundan başqa sədr “ASAN xidmət”in BMT tərəfindən 2015-ci ildə birinci yerə layiq görülən “ASAN məktub”, “ASAN kadr” layihələrinin cənub proqramında uğurlu həllər, modellər kimi digər ölkələrə tövsiyə olunduğunu deyib. Elektron hökumətlə bağlı yeni layihələr barəsində də açıqlama verən Ü.Mehdiyev “ASAN Finance” sisteminin də artıq fəaliyyətə başladığını qeyd edib. Bu layihə bankların və digər maliyyə təşkilatlarının vətəndaşlara operativ xidmət göstərmələri üçün yeni bir həllin olduğu bildirilib.
Sonra “ASAN Viza” üçün “Radiant Launch” mükafatı təqdim olunub.
Qeyd edək ki, ötən il dekabrın 11-13-də Tailand Krallığının paytaxtı Banqkokda keçirilən Sərhəd İdarəetməsi və Kimlik konfransı çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatı “ASAN Viza”nı APSCA (Association of Professional Social Compliance Auditors) tərəfindən təşkil olunan “Radiant Launch” nominasiyası üzrə qalib elan edib.
“Radiant Launch” mükafatı son 18 ayda həyata keçirilən ictimai xidmətlər və tətbiqlər sahəsindəki ən uğurlu layihələrə təqdim edilir. “ASAN Viza” və BMqT arasındakı əməkdaşlıq çərçivəsində BMqT tərəfindən vizaların verilməsi işinin təkmilləşdirilməsi üzrə mütəmadi olaraq dəstək verilir.

Sosial 2019-02-22 18:21:00