×
A
A
A
Sazlamalar

Yaponiya hökuməti aynuların aborigen xalq olması barədə qanun layihəsini bəyənib

Tokio, 16 fevral, AZƏRTAC 

Yaponiya hökuməti etnik azlıq hesab edilən aynuların ölkənin aborigen xalqı olması barədə qanun layihəsini bəyənib.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, qanun layihəsi Nazirlər Kabinetinin fevralın 15-də keçirilən iclasında bəyənilib. Bununla Yaponiya hökuməti ilk dəfə olaraq qanunvericilik qaydasında aynuları aborigen xalq kimi müəyyən edir və onları öz nəsilləri ilə fəxr edəcəyi cəmiyyətin formalaşmasına çağırır.
Sənədə əsasən, yerli hakimiyyət strukturları tərəfindən aynuların mədəniyyətinin inkişafına dəstək verəcək regional dotasiya proqramlarının hazırlanması da nəzərdə tutulur.
Qanun layihəsinə, həmçinin aynulara öz mədəni ənənələrini qorumaq üçün dövlət meşələrində oduncağın hazırlanması və yerli çaylarda balıq ovuna icazə verilməsi də daxildir.
Hökumət həmin qanun layihəsinin parlamentin cari sessiyasına təqdim edilməsini və tezliklə qəbulunu planlaşdırır.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-02-16 06:19:00