×
A
A
A
Sazlamalar

Seul ABŞ-KXDR sammitinin keçirilməsində Vaşinqtona yardım edəcək

Bakı, 15 fevral, AZƏRTAC

Koreya Respublikasının xarici işlər naziri Kan Kyun-hva və ABŞ-ın dövlət katibi Mayk Pompeo ikinci Amerika-KXDR sammitinin uğurla keçirilməsinə nail olmaq üçün səylərin koordinasiyası barədə razılığa gəliblər.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, razılaşma iki ölkənin xarici siyasət idarələri rəhbərlərinin Yaxın Şərq üzrə nazirlərin görüşü çərçivəsində fevralın 14-də Varşavada baş tutan danışıqlarında əldə olunub.
Danışıqların gedişində Mayk Pompeo ABŞ və KXDR liderlərinin ikinci görüşünün uğurlu alınması üçün Amerika tərəfinin maksimum səy göstərəcəyini bildirib. Kan Kyun-hva isə öz növbəsində bu məqsədlə istənilən yardımı əsirgəməməyi vəd edib. Tərəflər, həmçinin KXDR-in nüvəsizləşdirmə istiqamətində atdığı konkret addımlar və ABŞ-ın cavab tədbirləri barədə məsələlərə də toxunublar.
ABŞ və KXDR arasında ilk sammit iyulun 12-də Sinqapurda baş tutmuşdu. Donald Tramp və Kim Çen In sammitin nəticələrinə əsasən, birgə bəyanat imzalamışdılar. Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu bildirmiş, Birləşmiş Ştatlar isə buna cavab olaraq KXDR-ə təhlükəsizlik zəmanəti vəd etmişdi.
Xatırladaq ki, ikinci Amerika-KXDR sammiti fevralın 27-28-də Vyetnamın paytaxtı Hanoy şəhərində keçiriləcək.

 

Dünya 2019-02-15 12:59:00