×
A
A
A
Sazlamalar

“Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Bakı, 25 yanvar, AZƏRTAC

Yanvarın 24-25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.
DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminar-müşavirədə rayon icra hakimiyyəti başçısının ərazi nümayəndələri, bələdiyyə sədrləri, dindarlar, dini icma sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Beyləqan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov çıxış edərək bildirib ki, bu cür maarifləndirmə tədbirlərinin keçirilməsi xüsusi əhəmiyyətə malikdir. İctimaiyyətin, xüsusilə gənclərin doğru mənbədən dini bilgilərə yiyələnmələri olduqca vacibdir.
Sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycan xalqının əsrlərboyu digər dinlərə və mədəniyyətlərə dözümlü münasibəti ilə seçildiyini, eyni zamanda, onlarla sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığını diqqətə çatdırıb. O, respublikamızda heç zaman milli və dini etnik qruplar arasında ədavət və qarşıdurma hallarının müşahidə olunmadığını, ölkəmizin tolerantlıq, multikultural dəyərlər və İslam həmrəyliyi ilə dünyaya birlik və həmrəylik mesajı verdiyini qeyd edib.
S.Salahlı ümummilli lider Heydər Əliyevin mənəvi dəyərlərimizə, o cümlədən din sahəsinə diqqət və qayğısından da danışıb. Komitə sədrinin müavini, həmçinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın respublikamızın dünya ölkələri sırasında öz layiqli yerini tutması, tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək dünyaya çatdırılmasında xüsusi xidmətlərini qeyd edib.
DQİDK-nın dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov zərərli dini cərəyanların əsas fəaliyyət metodlarına toxunub. O, gənclərin müəyyən bilgilərə yiyələnmələrinin, həmçinin onların radikalizmə qarşı mübarizədə fəal olmalarının vacibliyini diqqətə çatdırıb.
Seminar-müşavirə tədbir iştirakçılarının suallarının cavablandırılması ilə yekunlaşıb.

Din 2019-01-25 17:40:00