×
A
A
A
Sazlamalar

Tərtərlilər 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad ediblər

Tərtər, 20 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtər rayonunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir Şəhidlər abidəsinin önündən başlanıb.
AZƏRTAC xəbər verir ki, tərtərlilər və N saylı hərbi hissənin zabit və əsgərləri abidə-kompleksin önünə tər çiçəklər düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Tədbir iştirakçıları məktəblilərin faciəyə həsr etdikləri əl işlərindən ibarət sərgiyə baxıblar.
Tədbir Gənclər Mərkəzində davam etdirilib. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən Bakıda həyata keçirilən qırğının səbəbləri və ağır nəticələri barədə ətraflı danışıb. Bildirib ki, keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi.
Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn təcili yardım maşınları və tibb işçiləri də atəşə məruz qalırdı. Qanlı hadisələr zamanı 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz həbs edilmişdi.
Diqqətə çatdırılıb ki, belə bir ağır gündə xalqının səsinə hər kəsdən əvvəl səs verən də Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi.
Tədbirdə 20 Yanvar faciəsinin ildönümü münasibətilə keçirilən inşa yazı müsabiqəsinin qaliblərinə diplomlar təqdim edilib. Sonra iştirakçılar mədəniyyət mərkəzinin hazırladığı “20 Yanvar qan yaddaşımızdır” adlı kompozisiyaya baxıblar.
Saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Regionlar 2019-01-20 15:05:00