×
A
A
A
Sazlamalar

SOCAR üzrə işçilərin fəaliyyəti 27 faiz optimallaşdırılıb

Bakı, 19 yanvar, Nihad Budaqov, AZƏRTAC
SOCAR üzrə işçilərin fəaliyyəti 27 faiz optimallaşdırılıb.
Bu barədə SOCAR-dan son illərdə şirkətdə həyata keçirilmiş islahatlar - təşkilati strukturun, idarəetmənin, istehsalatın optimallaşdırılması tədbirləri barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin beynəlxalq neft-qaz şirkətinə çevrilməklə bağlı SOCAR-ın qarşısına qoyduğu vəzifəyə uyğun olaraq, şirkət 2007-ci ildən etibarən bu istiqamətdə mühüm addımlar atıb, qabaqcıl təcrübəyə malik dünyanın aparıcı audit məsləhətçi şirkətləri ilə əməkdaşlıq etməyə başlayıb. Hazırda bir çox əsas hədəflərə nail olunub. Belə ki, SOCAR bu gün effektli transmilli şirkət kimi fəaliyyət göstərir, Azərbaycan üçün gəlirlərin böyük hissəsini beynəlxalq bazarlarda əldə edərək ölkəmizin qlobal brendinə çevrilir. Bu məqsədə nail olmaq üçün aparılan islahatlar hələ 2008-ci ildən başlayıb. SOCAR-da ilk dəfə biznes resurslarının idarə edilməsi üzrə rəqəmsal SAP ERP sistemi və Hesabatlarının Beynəlxalq Standartlarının (BMHS) tətbiqinə başlanılıb, korporativ idarəetmənin əsas elementləri tətbiq edilib və şirkətin idarəetmə strukturu buna uyğun olaraq təkmilləşdirilib. SOCAR-ın idarəetmə strukturuna beynəlxalq neft-qaz şirkətlərinin təcrübəsinə uyğun müvafiq müstəqil, kolleqial idarəetmə qurumları (Risklərin idarə edilməsi komitəsi, Audit komitəsi, Satınalmalar komitəsi, Kadrların idarə edilməsi komitəsi, İnformasiya Təhlükəsizliyi və sair) yaradılıb. SOCAR-da davamlı inkişaf, korrupsiyaya qarşı mübarizə və şəffaflıq, risklərin idarə olunması, satınalma əməliyyatlarının idarə edilməsi və sair sahələr üzrə korporativ standart, qaydalar tətbiq edilib.
“2012-ci ildən başlayaraq tanınmış beynəlxalq “Ernst&Young” audit şirkəti ilə birgə SOCAR-ın əsas istehsalat müəssisələrində əməliyyatların səmərəliliyinin artırılması və xərclərin optimallaşdırılması istiqamətində layihələrə başlanılıb, şirkətin strukturuna daxil olan bir çox qurumlarda üçpilləli idarəetmə sistemindən ikipilləli idarəetmə sisteminə keçid tətbiq olunub və xərclərin azaldılması istiqamətində digər tədbirlər görülüb. Bu layihələrin əsas məqsədi müəssisələrdə problemli biznes prosesləri müəyyən edərək istehsalat, texnologiya, personal, təchizat, nəqliyyat, podrat işləri və sair istiqamətlər üzrə aparılan əməliyyatların səmərəsini artırmaq, xərclərin azaldılmasına nail olmaqdan ibarətdir. Nəticədə illik iqtisadi səmərənin artımı 128,7 milyon manatdan çox olub, şirkət üzrə işçilərin fəaliyyəti 27 faiz optimallaşdırılıb. 2016-cı ildən başlayaraq istehsalatın vaxtında və fasiləsiz mal-material resurslarına olan tələbatını təmin etmək, dövriyyə kapitalından səmərəli istifadə etmək, anbar qalıqlarının optimal səviyyəsini müəyyən etmək məqsədilə SOCAR “Ernst&Young” şirkəti ilə birgə mal-material ehtiyatlarının normalaşdırılması layihəsinə başlayıb. 2015-ci ildən etibarən isə SOCAR-da “İnsan resurslarının idarə edilməsi proseslərinin transformasiya layihəsi” icra olunur. Bu layihə çərçivəsində işçi sayının planlaşdırılması, işə qəbul və adoptasiya, təlim və inkişaf, karyera yüksəlişi, işçilərin motivasiyası və sair üzrə qabaqcıl beynəlxalq təcrübələr SAP ERP sisteminin vasitəsilə tətbiq edilir”, - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, 2018-ci ildən etibarən beynəlxalq neft və qaz şirkətləri ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək, həmin şirkətlər tərəfindən ortaq razılaşdırılan istehsalat standartlarına uyğunlaşmaq və həmin standartların yaradılmasında iştirak etmək məqsədilə SOCAR Beynəlxalq Neft və Qaz Hasilatçıları Assosiasiyasına (“IOGP”) üzv olub, həmin beynəlxalq qurumda aktiv fəaliyyətə başlayıb. SOCAR-ın daha da effektli qlobal şirkətə çevrilməsi istiqamətində həyata keçirilən islahatlar tanınmış reytinq şirkətləri tərəfindən mütəmadi olaraq yoxlanılır. Nəticədə, “Ernst&Young” 2018-ci ildə SOCAR-ın korporativ idarəetmə sistemini “güclü şirkət” kimi qiymətləndirib.

Neft - qaz 2019-01-19 17:43:00