×
A
A
A
Sazlamalar

Günahsız insanlara qarşı sovet ordusu tərəfindən bəşəri cinayət törədilib

Şabran, 19 yanvar, Elxan Yusifli, AZƏRTAC

20 Yanvar faciəsində şəhid olanların xatirəsi Şabran rayonunda silsilə tədbirlərlə anılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanvarın 19-da rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, ziyalıların iştirakı ilə Şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub. Şəhid məzarlarının üzərinə və abidənin önünə tər çiçəklər düzülüb.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov xalqımıza qarşı törədilən Qanlı Yanvar faciəsinin səbəbləri barədə danışıb. Qeyd olunub ki, ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində dağılmaqda olan sovet imperiyası öz ömrünü uzatmaq, müstəqillik uğrunda mübarizəyə qalxmış xalqları bu mübarizədən çəkindirmək üçün qanlı qırğınlar törətməkdən belə çəkinməyib. Belə qanlı hadisələrdən biri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilib. Həmin vaxt müstəqillik arzusu ilə meydanlara çıxan əliyalın, günahsız insanlara qarşı sovet ordusu tərəfindən bəşəri cinayət törədilib.
Bildirilib ki, bu qanlı hadisəyə ilk olaraq münasibət bildirən ümummilli lider Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək faciəni törədən sovet rəhbərliyini kəskin şəkildə tənqid edib.
Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Regionlar 2019-01-19 15:42:00