×
A
A
A
Sazlamalar

Mübarizlik və qəhrəmanlıq nümunəsi - 20 Yanvar

Astara, 18 yanvar, Bağır Əliyev, AZƏRTAC

Astara Rayon Polis Şöbəsində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda yaşayan şəhid ailələrinin də iştirak etdiyi tədbirdə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Astara Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirov 20 Yanvar hadisələrinin ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda aparılan mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu bildirib.
Qeyd olunub ki, bu hərbi müdaxilə, ilk növbədə, milli azadlıq hərəkatını boğmağa, xalqımızı nəyin bahasına olursa-olsun əsarət altında saxlamağa yönəlsə də, yaşanan amansız qətliam Azərbaycan xalqının mübarizə əzmini qıra bilmədi. Xalqımız bununla Vətənimizin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya sübut etdi.
Diqqətə çatdırılıb ki, həmin dövrdə xalqımızın başına gətirilən bu qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, həyatına olan təhlükələrdən çəkinməyərək, sovet hakimiyyətinin cinayətkar əməlinə etiraz edən ümummilli lider Heydər Əliyev oldu. Faciənin ertəsi günü ulu öndər Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyinə gələrək qətliama kəskin etirazını bildirdi, faciəni törədənləri sərt tənqid etdi.
Daha sonra çıxış edən tarixçi Mircəfər Babazadə 29 il əvvəl baş verən qanlı Yanvar hadisələrindən geniş söhbət açaraq silahlı əsgərlərin, tankların qarşısına əliyalın çıxan oğul və qızlarımızın göstərdiyi şücaətin heç vaxt unudulmayacağını söyləyib.
Bildirilib ki, xalqımızın verdiyi qurbanlara, yaşadığı qanlı faciəyə baxmayaraq, 20 Yanvar tariximizin şərəfli səhifəsi olmaqla, mübarizlik və qəhrəmanlıq nümunəsidir.

Regionlar 2019-01-18 17:35:00