×
A
A
A
Sazlamalar

Gənclər və idman naziri Abşeron rayonunda vətəndaşları qəbul edib

Abşeron, 18 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov yanvarın 18-də Abşeron rayonundakı Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Sumqayıt, Abşeron, Qobustan, Şamaxı, Xızı şəhər və rayonlarının sakinlərinin gənclər, idman və digər sahələrlə bağlı müraciətlərinə baxılıb.
Gənclər sahəsi üzrə müraciətlər qeyri-hökumət gənclər təşkilatlarının yaradılmasına dəstək göstərilməsi, gənclərlə bağlı müxtəlif layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay-qış istirahət düşərgələrinin təşkili, Gənclər mərkəzlərinin müvafiq avadanlıqla təmin edilməsi, fəaliyyəti və s. məsələləri əhatə edib.
İdman sahəsi üzrə müraciətlər isə fəxri adların verilməsi, idman mərkəzlərinin lazımi avadanlıqla təminatı, yeni Olimpiya İdman komplekslərinin, idman mərkəzlərinin tikintisi və təmiri, Uşaq Gənclər və İdman mərkəzlərinin (UGİM) və bölmələrinin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı və s. məsələlərlə bağlı olub.
Müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Araşdırılmalı olan məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Sosial 2019-01-18 15:13:00