×
A
A
A
Sazlamalar

20 Yanvar hadisələri zamanı Qubanın iki sakini şəhid olub, üç nəfər isə yaralanıb

Quba, 18 yanvar, Elxan Yusifli, AZƏRTAC 

20 Yanvar hadisələri zamanı Qubanın iki sakini şəhid olub, üç nəfər isə yaralanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qanlı faciə baş verən gecə yoldaşları ilə birlikdə “Salyanski kazarma” deyilən yerdə tankların qarşısına əliyalın çıxan Elçin Qeybullayev qəhrəmancasına şəhid olub. Şəhid Rahib Hüseynov isə həmin gün şəxsi işi ilə əlaqədar rayondan Bakıya gedib. Avtomobildə güllə yağışına tuş gələn R.Hüseynov aldığı ağır yaralardan şəhid olub.
Quba rayonunda 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan konfransda həmin qanlı gecədə həlak olan bütün qəhrəman Vətən övladlarının xatirəsi yad edilib.
Konfransda Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, hadisə şahidləri, ziyalılar çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin şanlı səhifələrindən olduğunu bildiriblər.
Natiqlər qeyd ediblər ki, 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət yalnız ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra verilib. İmperiya qüvvələri tərəfindən həyata keçirilmiş 20 Yanvar qırğını Azərbaycanda demokratik proseslərə qəsd, düşünülmüş hərbi təcavüz, respublikanın suveren hüquqlarını, ümumiyyətlə, insan hüquqlarını pozan addım idi. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar şəhidləri ölməzdir.
Tədbir iştirakçıları 20 Yanvar hadisələrini əks etdirən, məktəblilərin əl işlərindən ibarət sərgi ilə də tanış olublar.

Regionlar 2019-01-18 13:43:00