×
A
A
A
Sazlamalar

Astarada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Astara, 17 yanvar, Bağır Əliyev, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Astara rayonunun Pensər kəndindəki “Hacı Teymur” cümə məscidində 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları, kənd məscidi dini icmasının sədri, dindarlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım tədbirində şəhidlərin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında 20 Yanvar faciəsinin xalqımızın tarixində şərəf və ucalıq rəmzi olduğunu bildirib. O, 1990-cı ilin 20 Yanvarında baş verən faciəvi hadisələrə ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini diqqətə çatdırıb.
Komitənin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə isə 20 Yanvar hadisəsinin xalqımızın qəhrəmanlıqlarla zəngin olan tarixindəki rolundan danışıb.
Pensər kənd “Hacı Teymur” cümə məscidi dini icmasının sədri Fariz Veysəlov, məscidin imamı İntizar Mürsəlov və başqaları İslam dinində şəhidlik zirvəsinin uca tutulduğunu, onların ölməz olduğunu bildiriblər.

Regionlar 2019-01-17 13:10:00