×
A
A
A
Sazlamalar

Ötən il Dövlət Rəsm Qalereyası üçün uğurlu olub

Bakı, 17 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Rəsm Qalereyasında (ADRQ) qurumun 2018-ci ilin yekunlarına həsr olunmuş iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, qalereyanın direktoru Qalib Qasımov çıxış edərək ötən il həyata keçirilən layihələr, əldə olunan nəticələr barədə məlumat verib.
Ötən ilin ADRQ-nin fəaliyyətində zəngin il kimi yadda qaldığını deyən qurumun rəhbəri vurğulayıb ki, qalereyanın fondunda qorunan rəsm əsərlərinin uçotunu özündə cəm edən sayt istifadəyə verilib, həmçinin çoxsaylı tədbirlər və sərgilər reallaşıb. Bundan əlavə, qalereyanın əməkdaşları bir neçə yeni layihə hazırlayıblar. Bu sırada tanınmış rəssamlarla emalatxanalarda görüş, bölgələrdə etüd plenerləri, gənc rəssamlarla görüş və digər tədbirləri qeyd etmək olar.
Diqqətə çatdırılıb ki, Azərbaycan Dövlət Rəsm Qalereyası respublikamızın şəhər və rayonlarındakı qalereyaların fəaliyyətinin müasir tələblər baxımından yenidən qurulmasında yaxından iştirak edir.
“2018-ci ildə qarşıya qoyulan məqsədlərdən biri bölgələrdə fəaliyyət göstərən dövlət rəsm qalereyalarının ekspozisiyasının, fond otaqlarında saxlanılan əsərlərin vahid formada elektron məlumat bazasının toplanması və inventarlaşdırılması idi. ADRQ-nin əməkdaşları ötən il 35 rəsm qalereyasının hər birində olub, qalereyalarda saxlanılan bütün əsərlər siyahıya alınıb. Bu işin nəticəsində collecton azgallery.az elektron məlumat bazası yaradılıb. Elektron bazada hər bir rəssam və əsərləri, əsərin hansı qalereyada saxlanılması, tematikası haqqında məlumatlar yer alır”, - deyə Q. Qasımov söyləyib.
O əlavə edib ki, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda ümumilikdə 10 min 300-dək əsər saxlanılır. Bu əsərlərin hər birinin kateqoriyası, alındığı il və digər məlumatların elektron bazaya yüklənməsi prosesi bu il də davam edəcək. ADRQ həmçinin Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlikləri, mədəniyyət mərkəzləri ilə də əlaqə saxlayır. Azərbaycan rəssamlarının xaricdə saxlanılan əsərləri haqqında da bu məlumat bazasında bilgi əldə etmək mümkün olacaq.
Ötən il paytaxtda, eləcə də regionlarda çoxsaylı görüşlər, sərgilər, təqdimatlar keçirildiyini deyən Q.Qasımov bu çoxsahəli fəaliyyətin 2019-cu ildə də davam edəcəyini vurğulayıb. Direktor bu fəaliyyətin işıqlandırılmasında medianın xüsusi rolunu qeyd edib.
Tədbirdə 2018-ci ildə Azərbaycan Dövlət Rəsm Qalereyasının gördüyü işləri ictimaiyyətə çatdırmaqda fəal iştirak edən kütləvi informasiya vasitələrinin əməkdaşlarına təşəkkürnamə və xatirə hədiyyələri təqdim edilib. Təltif olunanlar sırasında AZƏRTAC-ın əməkdaşı da var.

İncəsənət 2019-01-17 13:09:00