×
A
A
A
Sazlamalar

Pedaqoji Universitetin müəllimləri Lənkəran Dövlət Universitetində imtahan sessiyasının gedişini izləyiblər

Lənkəran, 17 yanvar, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) bir qrup müəllimi Lənkəran Dövlət Universitetində (LDU) 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini izləyiblər.
Tədbir ADPU ilə LDU arasında 2016-cı ildə imzalanmış müqavilənin şərtlərinə əsasən keçirilib. “Kimya və biologiya müəllimliyi”, “İbtidai sinif müəllimliyi” ixtisasları üzrə keçirilən aralıq və yekun attestasiyalarda (imtahanlarda) ADPU-nun professor-müəllim heyətinin iştirakının LDU tərəfindən təmin olunması müqavilədə əsas öhdəliklərdən biri kimi nəzərdə tutulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların gedişini ADPU-nun dosentləri - kimya üzrə fəlsəfə doktoru Mirheydər Abbasov və filologiya üzrə fəlsəfə doktoru Məmmədxan Soltanov izləyiblər.
Tələbələr üçün yaradılan şərait, imtahanların gedişi ADPU-nun təmsilçilərini razı salıb. Onlar hər iki ixtisas üzrə keçirilən imtahanlarda biletlərin tərtibindən, sualların qoyuluşundan razı qaldıqlarını vurğulayıblar.
İmtahanların tam obyektiv və şəffaf mühitdə keçirildiyinə əyani şahidlik edən qonaqlar gördüklərindən razı qaldıqlarını bildiriblər.
İmtahan gedən auditoriyaların veb-kameralar tərəfindən izlənməsi, ciddi nəzarət mexanizmi ADPU təmsilçilərində xoş təəssürat yaradıb.
ADPU-nun müəllimləri imtahanlar başa çatdıqdan sonra qiymətləndirmə prosesində də iştirak edəcəklər.
LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovla görüşdə ali təhsil müəssisəsində yaradılan şərait və imtahanların gedişi ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərovun başçılıq etdiyi ibarət nümayəndə heyəti də LDU-da tədris prosesinin müasir standartlara uyğun yenilənməsi istiqamətində aparılan işlərlə tanış olub.

Regionlar 2019-01-17 12:05:00