×
A
A
A
Sazlamalar

Həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi sahəsində məqsədyönlü addımlar atılıb

Bakı, 17 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin sosial siyasətinə uyğun olaraq 2018-ci ildə də həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü addımlar atılıb. Dövlət başçısının 2018-ci il 2 avqust tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2018-ci ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılması 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin kateqoriyalardan olan insanlara nəzərdə tutulduğundan üç dəfə çox olmaqla 626 mənzilin təqdim edilməsinə imkan verib.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, həmçinin ötən il müharibə əlillərinə 265 minik avtomobili təqdim olunub. Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası olaraq isə ötən ilin sonunadək artıq 3097 şəhid hərbi qulluqçunun 4190 vərəsəsinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilib. Onlara 34 milyon manat vəsaitin ödənilməsi təmin edilib və bu il ərzində daha 6,4 mindən çox şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı həyata keçiriləcək.
Ünvanlı dövlət sosial yardım proqramının icrasında ünvanlılığın, şəffaflığın təmin edilməsi, neqativ halların qarşısının alınması tədbirləri həmin yardımı alan ailələrin sayının 2018-ci il ilin dekabrında əvvəlki ilin dekabr ayı ilə müqayisədə 46 faiz (36 min 854 ailə) azalaraq 42 min 683-ə düşməsinə səbəb olub. Bu istiqamət üzrə vəsaitlərin ünvanlı xərclənməsinə ciddi nəzarət tədbirləri nəticəsində 102,2 milyon manat büdcə vəsaitinə qənaət edilib, sosial yardımların ödənişinə ümumilikdə 104 milyon manat vəsait xərclənib.
Dövlət başçısının 2018-ci il 19 dekabr tarixli Sərəncamına əsasən isə 2018-ci il 28 dekabr tarixə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödənilib.

Sosial 2019-01-17 11:31:00