×
A
A
A
Sazlamalar

Qəbələli şahmatçılar 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan turnirdə mübarizə aparıblar

Qəbələ, 16 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan yeniyetmələr arasında şahmat turnirinə yekun vurulub. Turnirdə 3 yaş qrupunda 54 yeniyetmə şahmatçı mübarizə aparıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon gənclər və idman idarəsindən məlumat verilib.
Turnirin açılışında idarənin rəisi Fəxri Soltanov və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Ədalət Əliyev çıxış edərək 20 Yanvar faciəsinin xalqımıza qarşı törədilmiş dəhşətli cinayət olduğunu bildiriblər. Diqqətə çatdırılıb ki, həmin gecə Azərbaycanın mərd oğul və qızları sovet qoşunlarına qarşı igidliklə mübarizə aparıb, imperiya qüvvələri qarşısında əyilməyib, xalqımızın qəhrəmanlıq tarixinə şanlı səhifə yazıblar.
Bildirilib ki, turnirin keçirilməsində məqsəd şəhidlərin xatirəsini yad etmək, həmçinin yeniyetmə şahmatçıların ustalıqlarını artırmaq, şahmatın kütləviliyinə nail olmaq, rayonun yığma komandasının tərkibini müəyyənləşdirməkdir.
Yarışın yekununa əsasən, müxtəlif yaş qrupları üzrə oğlanlar arasında İsmayıl Osmanlı, Tağı Tağıyev, Əmrah Əzizov, qızlar arasında isə Selcan Rəşidova, Aysun Əzizli və Həqiqət Tağıyeva birinci olublar.
Turnirin qalibləri diplomlarla mükafatlandırılıblar.

Regionlar 2019-01-16 17:18:00