×
A
A
A
Sazlamalar

Azərbaycan polisi dövlətə və xalqa sadiqlik nümayiş etdirməklə vəzifələrini layiqincə yerinə yetirir

Bakı, 15 yanvar, Həsrət Mahmudova, AZƏRTAC

Yanvarın 15-də Bakı Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşları Avropa polisinə nümunədir” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi Azərbaycan polisi haqqında mənfi düşüncədə olan və fikirlər səsləndirən daxili və xarici qüvvələrə cavab vermək, cəmiyyətin maariflənməsinə xidmət etməkdir.
Əvvəlcə Azərbaycan polisinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Azərbaycan polisinin ölkəmizdə ictimai-sabitliyin təmin olunmasındakı rolundan danışan “Dövlət və Qanun” qəzetinin baş redaktoru, Beynəlxalq sülh səfiri Yasəmən Möhəbbətqızı qeyd edib ki, son illər daxili işlər orqanları ən müasir texniki vasitələrlə təchiz edilib. Zəngin tarixi təcrübəsi olan Azərbaycan polisi öz peşə bayramını ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 1998-ci ildən qeyd edir. Azərbaycan polisinə verilən bu önəmin səbəbi ondan qaynaqlanır ki, Ulu Öndər ictimai sabitliyin qorunub saxlanmasında, cinayətkarlıq hallarının qarşısının alınmasında daxili işlər orqanlarının fəaliyyətini daim yüksək qiymətləndirib. Azərbaycan polisi dövlətə və xalqa yüksək sadiqlik nümayiş etdirməklə mühüm vəzifələrinin öhdəsindən həmişə layiqincə gəlib.
Daxili işlər orqanlarında xidmətə hazırlığın yüksəlməsi, intizamın artması, mənəvi psixoloji durumun və sosial müdafiənin yaxşılaşdırılması, peşəkar kadr özəyinin yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu gün Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə ictimai qaydanın və təhlükəsizliyin təminində daxili sabitliyin yaradılması sahəsində qanunla müəyyən edilən vəzifəsini layiqincə yerinə yetirir. “Bu gün dünyada baş verən hadisələrə baxsaq görərik ki, özünü demokratik sayan bir sıra Qərb ölkəsində keçirilən aksiyalar necə vəhşiliklə dağıdılır, insanlara qarşı güc tətbiq olunur. İctimai sabitliyin bərqərar edilməsi üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə olunur. Halbuki öz işini günün tələbləri səviyyəsində quran Azərbaycan polisi Qərb ölkələrinin daxili işlər orqanlarına nümunə ola bilər”, - deyə o bildirib.
“Dövlət və Qanun” qəzetinin əməkdaşı, hüquq eksperti İsmayıl Zalov vurğulayıb ki, özünü “demokrat” adlandıran ölkələr bu gün Azərbaycan dövlətinin, Prezidentinin və polisinin imicinə xələl gətirən çıxışlar edirlər. “Avropanın bir sıra ölkəsində, eləcə də Avropanın siyasi mərkəzi sayılan Fransa kimi “demokratik” ölkədə “sarı jiletlər” və digər aksiya iştirakçılarına yerli polisin necə divan tutması hər gün telekanallar vasitəsilə yayımlanır. Ölkəmizdə isə polis pozulmuş asayişi sivil qaydalar çərçivəsində bərpa edir. Buna baxmayaraq, ikili standartlardan çıxış edən bir çox dövlətlər və qurumlar bunu görməməzlikdən gəlir, Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar”.

Sosial 2019-01-15 16:46:00