×
A
A
A
Sazlamalar

Gənclər Gününə həsr olunan musiqi müsabiqəsinin birinci turuna yekun vurulub

Gəncə, 15 yanvar, Rauf Hacıyev, AZƏRTAC

Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə 2 Fevral - Gənclər Gününə həsr olunmuş yaradıcılıq müsabiqəsinin birinci turunun ilk konserti keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, musiqi müsabiqəsi Şəmkirdə yerləşən “N” saylı hərbi hissənin Əsgər klubunda Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin təsdiq etdiyi plana əsasən təşkil olunub.
Müsabiqə milli mədəniyyətin və incəsənətin, eləcə də hərb ənənələrinin və hərbi xidmətin təbliği, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi və yaradıcılıq bacarıqlarının inkişafı, hərbi hissələrdə bədii özfəaliyyət kollektivlərinin yaradılması və hərbi qulluqçuların asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, ordu ilə cəmiyyət arasında əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə keçirilir.
Qazax və Gədəbəy rayonlarından hərbi qulluqçuların və gənclərin qatıldıqları müsabiqədə vokal, rəqs, musiqi alətləri və bədii qiraət üzrə çıxışlar olub. Münsiflər heyəti tərəfindən əsasən musiqi alətlərində solo ifaya, səhnə davranışına üstünlük verilib. Maksimal bal toplayanlar növbəti mərhələyə vəsiqə qazanıb. Müsabiqədə 154 nəfər iştirak edib. Onlardan 78 nəfəri müsabiqənin digər turuna keçib.
Müsabiqənin iştirakçıları olan gənclər və hərbi qulluqçular birgə nahar ediblər.
Qeyd edək ki, qaliblərin mükafatlandırılması müsabiqənin yarımfinal və final konsertindən sonra, 2 Fevral - Gənclər Gününə həsr olunmuş qala-konsertdə olacaq.

Regionlar 2019-01-15 12:11:00