×
A
A
A
Sazlamalar

Gömrük orqanları müəyyən olunmuş proqnoz-tapşırığa 120,24 faiz əməl edib

Naxçıvan, 14 yanvar, AZƏRTAC

Muxtar respublikanın gömrük orqanları tərəfindən büdcənin formalaşdırılması istiqamətində 2018-ci il üçün müəyyən olunmuş 7 milyon 800 min manatlıq proqnoz-tapşırığa 120,24 faiz əməl olunub. Hesabat dövründə büdcəyə köçürülmüş vergi və rüsumlar Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 10,86 faizini təşkil edib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində 2018-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirə olunduğu kollegiya iclasında səsləndirilib.
Tədbirdə çıxış edən komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli qeyd edib ki, hesabat dövründə gömrük orqanları tərəfindən iqtisadi təhlükəsizliyin qorunması və hüquq-mühafizə fəaliyyətinin yerinə yetirilməsi, əhalinin keyfiyyətli idxal məhsulları ilə təmin edilməsi və daxili bazarın qorunması istiqamətində işlər davam etdirilib.
Vurğulanıb ki, dövlət qayğısı ilə əhatə olunan gömrük orqanlarında xidmətin modernləşməsi, iş şəraitinin daha da yaxşılaşdırılması diqqətdə saxlanılıb. Bu məqsədlə komitənin inzibati binasında əsaslı təmir və yenidənqurma işləri aparılıb, Sədərək sərhəd-keçid məntəqəsi üçün 18 hektara yaxın ərazidə beynəlxalq standartlara uyğun qurulan müasir gömrük kompleksinin inşası sürətləndirilib.
“İl ərzində gömrük xidmətində iş prosesinin avtomatlaşdırılması və idarəetmənin təkmilləşdirilməsi xüsusilə diqqətdə saxlanılıb. 2017-ci ilin dekabr ayında Ali Məclis Sədrinin İran İslam Respublikasına rəsmi səfəri zamanı əldə olunmuş razılığa əsasən Culfa gömrük sərhəd-buraxılış məntəqəsi 24 saatlıq iş rejiminə keçib”, - deyən Səhət Həbibbəyli bildirib ki, gömrük orqanlarının fəaliyyətində səmərəliliyin artırılması, rəsmiləşmə prosesinin sürətləndirilməsi, işdə şəffaflığın təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yeni strukturu təsdiq olunub. İnkişaf etmiş dünya ölkələrinin praktikasına uyğun formalaşdırılan yeni struktur gömrük xidmətinin daha səmərəli şəkildə idarə olunmasına imkan yaradıb.
Komitə sədrinin müavini xarici ticarət əlaqələrinin genişləndiyini, ixrac potensialının gücləndiyini də diqqətə çatdırıb. Qeyd olunub ki, hesabat dövründə 58 ölkə ilə ticarət əməliyyatları aparılıb, ixracın həcmi artıb. İxrac əməliyyatları, əsasən, Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq və İtaliya ilə həyata keçirilib.
Qeyd olunub ki, 2018-ci ildə gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizə istiqamətində səylər artırılıb, əməliyyat-axtarış fəaliyyəti genişləndirilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı qeydə alınmış 12 cinayət faktı üzrə, ümumilikdə, 208,1 kiloqram heroin, 238,4 qram metanfetamin, 4,2 qram tiryək, 2,6 qram marixuana, 1,4 qram metadon, 0,5 qram tramadol, 0,04 qram klonazepam aşkarlanıb.
Bildirilib ki, muxtar respublika gömrük xidmətinin digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyəti də uğurlu nəticələr verib. Belə ki, həyata keçirilmiş 3 əməliyyat-axtarış tədbiri nəticəsində 38,4 qram həşiş qatranı, 17,9 qram tiryək, 9,5 qram marixuana, 100 ədəd psixotrop tərkibli dərman vasitələrinin gətirilməsinin qarşısı alınıb. Bu sahəyə tam nəzarət olunması üçün gömrük sərhəd-buraxılış məntəqələrində mülki dövriyyəsi məhdudlaşdırılmış dərmanların elektron bazası formalaşdırılıb. Muxtar respublika ərazisinə gətirilməsinə dair müvafiq icazə sənədi olmadığından vətəndaşlardan 62 min 251 ədəd psixotrop tərkibli dərman vasitəsi saxlanılıb.
İclasda vurğulanıb ki, yerli sahibkarların dəstəklənməsi üçün kənd təsərrüfatı məhsulları kütləvi istehsal dövründə oxşar xarici malların təsirindən qorunub, yerli məhsulların bazar payı daim nəzarətdə saxlanılmaqla idxalın məhdudlaşdırılması həyata keçirilib. Gömrük orqanları tərəfindən xaricdən idxal istiqamətində gətirilən malların, o cümlədən qida məhsullarının keyfiyyətinə ciddi nəzarət olunub, 877 halda ekspertiza həyata keçirilib. Ekspertizası aparılmış mallardan 88 ton ərzaq və qeyri-ərzaq məhsulunun mənşəyi məlum olmadığından, həmçinin keyfiyyət göstəriciləri, o cümlədən markalanması və qablaşdırılması normalara cavab vermədiyindən muxtar respublika ərazisinə buraxılmayıb. Daxili bazarın və istehlakçıların hüquqlarının qorunması, o cümlədən gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına görə il ərzində ayrı-ayrı vətəndaşlardan saxlanılmış ümumi çəkisi 11 tondan artıq ərzaq məhsulu və digər mallar isə yandırma üsulu ilə məhv edilib.
Kollegiya iclasında 2018-ci il ərzində görülmüş işlərlə əlaqədar məruzələr dinlənilib.

Regionlar 2019-01-14 14:59:00