×
A
A
A
Sazlamalar

Qax rayonunun kəndlərində yeni məktəb binaları tikilir

Qax, 12 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Qax rayonunun Əlibəyli kəndində tam orta məktəb üçün 216 şagird yerlik yeni binanın tikintisinə başlanılıb. Prezident İlham Əliyevin ötən il oktyabrın 29-da imzaladığı Sərəncama əsasən inşa edilən yeni məktəb binasının tikintisi üçün Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon Təhsil Şöbəsindən məlumat verilib.
Qurumdan bildiriblər ki, Təhsil Nazirliyinin sifarişi ilə Tasmalı kəndində tam orta məktəb üçün inşa edilən 240 şagird yerlik yeni binanın tikintisi də sürətlə davam etdirilir. Binanın ikinci mərtəbəsində hörgü işləri artıq yekunlaşıb.
Bundan əlavə, hazırda rayonun Fısdıqlı, Aşağı Malax və Çinarlı kəndlərində ümumi orta məktəblər üçün hər biri 80 şagird yerlik modul tipli binalar da quraşdırılır. Eyni zamanda, rayonun daha 4 kəndində qəzalı vəziyyətdə olan ümumi orta məktəblər üçün inşa edilən modul tipli binalarda tikinti-quraşdırma işləri artıq başa çatıb.
İnşa edilən yeni məktəb binalarının 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulur.

 

Regionlar 2019-01-12 21:19:00