×
A
A
A
Sazlamalar

Ədalətdən dəm vuran beynəlxalq təşkilatların Ermənistandakı biabırçı mənzərəyə göz yummaları ən böyük ədalətsizlikdir

Bakı, 12 yanvar, AZƏRTAC
İkili standartlar siyasəti beynəlxalq münasibətlərdə çökməsi labüd tarixi meyilə çevrilsə də, hegemonluq siyasətinə hələ də son qoyulmayıb. Avropa Şurası, Avropa Parlamenti kimi demokratiyadan, ədalətdən dəm vuran beynəlxalq təşkilatlar yalnız özlərini təhdid edə biləcək təhlükələr üzərində dayanmağa adət ediblər. Avropada, Qərbin təşəbbüsü ilə yaradılan əksər beynəlxalq qurumlarda, xüsusilə Avropa Parlamentində ikili standartlar və islamofob əhval-ruhiyyə hökm sürür. Tarixən böyük dövlətlər öz maraqlarını nəyin bahasına olursa-olsun digərlərinə qəbul etdirməyə çalışıblar. İkinci Dünya müharibəsindən sonra da böyük dövlətlərin hegemonluq iddiaları azalmadı, əksinə, artmaqda davam edir. Çünki bu təşkilatlarda beynəlxalq hüquq sisteminin böhranı yaşanır. Cənubi Qafqazda və Azərbaycan torpaqlarında minlərlə dinc insanın qanını axıtmış erməni terroruna, Xocalıda törətdiyi vəhşiliklərə göz yuman beynəlxalq təşkilatlar bunları görməzdən gəlir.
Bu fikirləri siyasi şərhçi Murtəza Həsənov AZƏRTAC-a açıqlamasında bildirib.
O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söylədiyi kimi, Ermənistanda hər zaman kriminal xunta rejimi hökm sürüb. Ermənistanın apardığı işğalçılıq siyasəti səbəbindən bu ölkənin iqtisadiyyatı demək olar ki, çöküb. Ermənistan dərin demoqrafik böhran içindədir. Müstəqilliyi cəmi 27 ilə bərabər olan bir ölkəni əgər 20 il ərzində cinayətkarlar idarə edibsə, onda bu ölkə haqqında təsəvvür yaratmaq o qədər də çətin deyil. İşğalçı ölkədə saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə beynəlxalq təşkilatlar müsbət rəy verirlər. Çox güman ki, burada hansısa təmənna ilə bağlı məqsədlər var. Heç kimə sirr deyil ki, Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb. Əvvəlki illərdə Ermənistanın xarici siyasətində rüşvət amili birinci yerdə idi. Siyasi şərhçi təəssüflə bildirib ki, Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatların Ermənistandakı biabırçı mənzərəyə göz yumurlar. Bunun özü ən böyük ədalətsizlikdir.
Murtəza Həsənov Azərbaycan Prezidentinin yürütdüyü xarici siyasətin əsasını mehriban qonşuluq siyasəti təşkil etdiyini söyləyib. Əlavə edib ki, Azərbaycan ayrı-ayrı xarici dövlətlərlə ikitərəfli münasibətlərinə, o cümlədən qonşu ölkələrlə əlaqələrinə xüsusi əhəmiyyət verir. Azərbaycanın strateji əhəmiyyət daşıyan ölkə olduğunu deyən siyasi şərhçi vurğulayıb ki, yeni dünya nizamında Azərbaycan üç səbəbdən diqqəti üzərinə çəkir. Bunlar geostrateji baxımdan Orta Asiya və Şimali Qafqaza giriş qapısı olması, Orta Asiya ölkələri üçün Avropaya keçid nöqtəsi olması və böyük həcmdə neft və qaz ehtiyatlarına, bu səbəbdən ciddi iqtisadi potensiala malik olmasıdır. Azərbaycanın davamlı inkişafı, təkmil sosial-iqtisadi islahatları onun beynəlxalq münasibətlər sistemində mövqeyini gündən-günə möhkəmləndirir.

Siyasət 2019-01-12 16:47:00